BAKI, 2 fevral. TELEQRAF
"QHT işi" üzrə ittiham olunan ABŞ-nin "German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə başlayır.
Teleqraf xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Namiq Kərimovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 11-nə təyin olunub.
Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluqda "QHT işi ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Mehriban Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə - Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham verilib.