BAKI, 31 yanvar. TELEQRAF

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilən dəyişikliklər hüquq sisteminin təkmilləşdirilməsinə xidmət edir.

Teleqraf xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş 31 oktyabr 2025-ci il tarixli Qanunla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və digər qanunvericilik aktlarına edilmiş dəyişikliklər ölkəmizdə hüquq sisteminin daha da təkmilləşdirilməsi istiqamətində mühüm və ardıcıl addım kimi qiymətləndirilməlidir.

A.Bağırovun sözlərinə görə, bu dəyişikliklər müdafiə hüququnun səmərəli təmin olunmasına, vəkillik fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təşkili və vəkilliyin institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edir.

Sədr qeyd edib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilən ən mühüm əlavələrdən biri vəkillik fəaliyyətinin müstəqil hüquq fəaliyyəti kimi qanunvericilik çərçivəsində bir daha tanınmasıdır: "Eyni zamanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları dəqiqləşdirilib, Vəkillər Kollegiyasının strukturunda dəyişiklik aparılaraq Vəkillərin İntizam Komissiyası və İxtisas Komissiyası Kollegiyanın orqanları sırasına daxil edilib"

Anar Bağırov bildirib ki, artıq Kollegiyanın orqanı olan Vəkillərin İxtisas Komissiyasının tərkibində vəkil üzvlərin sayı 5-dən 7-yə çatdırılıb.

O əlavə edib ki, digər yeniliklər sırasında vəkilin xidməti vəsiqəsi, vəkil orderi, vəkil sorğusu, vəkil sirri ilə bağlı anlayışlar, eləcə də vəkil sorğusuna cavab verilmə müddəti ilə bağlı məsələlər qanunvericilikdə öz əksini tapıb.

Sədr vurğulayıb ki, mühüm dəyişikliklərdən biri də vəkil olmaq üçün qanunda nəzərdə tutulan 3 illik staj tələbinin 1 ilə endirilməsidir: "Vəkillər Kollegiyası yalnız müdafiə funksiyasını həyata keçirən institut kimi deyil, bütövlükdə ədalət mühakiməsi sisteminin formalaşmasında fəal iştirak edən mühüm tərəf kimi çıxış edir".

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, Kollegiya Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində öz nümayəndəsi ilə təmsil olunur ki, bu da vəkillik institutunun məhkəmə hakimiyyətinin effektivliyinə və obyektivliyinə verdiyi töhfənin bariz göstəricisidir.

Sədr əlavə edib ki, Vəkillər Kollegiyası eyni zamanda Baş Prokurorluğun Elmi-Məsləhət Şurasında, Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında, habelə Məhkəmə Ekspertizası Şurasında nümayəndə ilə təmsil olunur.

A.Bağırov qeyd edib ki, dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Kollegiyanın qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

Sədrin sözlərinə görə, son 3 il ərzində Kollegiya tərəfindən 150-yə yaxın normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edilib ki, bu da onun normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyir.

A.Bağırov bildirib ki, Konstitusiya Məhkəməsi ilə əldə edilmiş razılıq əsasında son 3 il ərzində Vəkillər Kollegiyası 80-dən çox iş üzrə mütəxəssis mülahizəsi təqdim edib.

O vurğulayıb ki, bu mülahizələr hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının hüquqi əsaslarının möhkəmləndirilməsi və hüquqi mövqelərin formalaşması baxımından əhəmiyyətli töhfə hesab olunur.