BAKI, 21 yanvar. TELEQRAF

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, “Gilan Pivot” MMC-nin rəhbəri Ruslan Ələsgərov və Əvəz Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı və təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinin məhkəmə baxışına verilməsini istəyiblər.

Hakimlər heyəti müşavirə keçirib və işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Təqsirləndirlilən şəxslərin barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılıb.

Məhkəmə baxışı fevralın 5-ə təyin edilib.

İttihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyib. Bunun səbəbi ibtidai istintaq mərhələsində 800 min manatlıq ziyanın tam ödənməsidir.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. Həmçinin o, nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.

Anar Mehdiyevlə birgə məsuliyyətə cəlb edilən və barəsində cinayət işi açılan Ruslan Ələsgərov da tanınmış iş adamıdır. O, “Gilan Pivot” MMC-nin rəhbəridir.

Bir müddət əvvəl Anar Mehdiyevin rəhbərlik etdiyi şirkətlə R.Ələsgərovun şirkəti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Şirkət əsasən kənd təsərrüfatı üçün suvarma sistemlərinin satışı və quraşdırılması ilə məşğuldur.

Təqsirləndirlilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.