BAKI, 15 yanvar. TELEQRAF

Bakının Sabunçu rayonunda sevgilisi ilə birlikdə ərinin qətlində təqsirli bilinən Leyla Abbasova və 20 yaşlı sevgilisi Zahir Soltanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə mərhum İkram Piriyevin hüquq varisi olan anası Sahilə Piriyeva ifadə verib.

O, hadisənin şahidi olmadığını bildirib, təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini istəyib. Deyib ki, oğlu həyat yoldaşı Leylaya xəyanət etməyib.

Leyla Abbasova isə ifadəsində ərinin xəyanətlərindən danışıb. Onun sözlərinə görə, İkram Piriyevi liseydə oxuduğu vaxtdan tanıyıb. Taksi fəaliyyəti ilə məşğul olduğunu deyən qadın əlavə edib ki, ona qoşularaq qaçıb.

Qadın qeyd edib ki, bir müddət evli olduqdan sonra İkramın ona xəyanət etdiyini hiss edib: "İkram dayısı qızı, bibisi qızı, digər qohumları olan cavan qızlarla mənə xəyanət edirdi. Onun telefonunun qalereyasında ədəbsiz şəkillərini görürdüm. Bunu görəndən sonra məsələni ona dedim. Ərimdən əməllərindən əl çəkməyini tələb etdim. Bu zaman mənə şiddət göstərməyə başladı, məni döydü".

Təqsirləndirilən şəxs qeyd edib ki, onunla eyni müttəhimlər kürsüsündə olan 20 yaşlı Zahir Soltanovun onlarla hasar qonşusu olub: "Mənim Zahirlə münasibətim var idi. Biz ancaq telefon vasitəsi ilə danışırdıq. Başqa bir münasibətimiz, yaxınlığımız olmayıb. Sevgili deyildik, telefonla dərdələşirdik. Zahirə ərimin mənə xəyanət etdiyini deyirdim.

Zahir mənə məsləhət gördü ki, boşan, yoxsa onu öldürəcəm. Bir dəfə İkram məni döyəndə Zahir ağlamaq səsimi eşitdi, qapıya kimi gəldi. Mənə dedi ki, boşanmağa razı olmasan, onu öldürəcəm. Güclə onu yola gətirdim və bu əməlindın çəkindirdim".

Leyla Abbasova bildirib ki, əri İkrama Zahirlə danışdığını etiraf edib: "O da dedi, səni bağışlayıram. Amma Zahirə de ki, həyətə gəlsin. Dişim ağrıdığından həkimə getmişdim, qayıdanda gördüm İkram həyətdə əlində bıçaq, uşaqlar da yanında oynayır. Axşam yemək yedik, uşaqları yatırdım. Mən onların yanında yatdım. Gecənin bir vaxtı İkram məni oyatdı ki, dur, uşaq ağlayır, onu sakitləşdir.

Qızıma laylay musiqisi qoşaraq yatırdandan sonra otaqdan çıxdım, bu zaman İkramı yerdə uzanmış vəziyyətdəydi. Elə bildim, ürəyi gedib. Açıq qalmış pəncərədən baxanda qara bir kölgənin evdən uzaqlaşdığını gördüm. Haray salaraq qonşuları çağırdım, Zahir gödəkçəsini geyinə-geyinə gəldi. Onu anası, uşaqları evinə apardı. Polis gəldi, məni bölməyə apardılar. Sona Zahir əməlini boynuna aldı".

Daha sonra Zahir Soltanov ifadə verib. O, özünü təqsirli bilib. Deyib ki, Leyla Abbasova ilə hasar qonşusu olub: "Mənə 20 il də, ömürlük də cəza versəz, yenə bu cinayəti törədərəm".

Növbəti proses yanvarın 29-da davam edəcək.

İttihama görə, hadisə ötən il avqustun 9-da Zabrat qəsəbəsində baş verib.

Həmin gün 29 yaşlı İkram Piriyev yaşadığı evdə qətlə yetirilib. Hadisəni tərətməkdə ittiham olunan Zahir Soltanov, onun sevgi münasibətində olduğu Leyla Abbasova həbs olunub.

Qeyd edək ki, Zahir Soltanov Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), Leyla Abbasova isə həmin məcəllənin 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddəlləri ilə ittiham olunur.