BAKI, 13 yanvar. TELEQRAF

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icraçıları - Mehdi Məmmədli, Elnur Əliyev və Bəxtiyar Fərzəliyevin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən Mehdi Məmmədov 18 il 6 ay, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin 17 il 6 ay, Əzizə Seyidova 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədli, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər.

2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib.

Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.

M.Məmmədlinin ifadəsində məlum olub ki, o, əvvəllər Rusiyada cinayət törətdiyinə görə iki dəfə məhkum edilib. O, Ə.Seyidovanı keçmiş həyat yoldaşı vasitəsilə tanıdığını, ərinin ona zülm verdiyini eşitdiyini deyib.