BAKI, 9 oktyabr. TELEQRAF
Bakının Suraxanı rayonunda keçmiş arvadını öldürməyə cəhddə ittiham olunan 1969-cu il təvəllüdlü Əfqan Atakişiyevin məhkəməsi başa çatıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə bu il fevralın 10-da Hövsan qəsəbəsindəki 270 nömrəli məktəbin qarşısında baş verib.
Ə. Atakişiyev həmin gün saat 11 radələrində məktəbin qarşısına gəlib və xadimə işləyən keçmiş arvadı Gülsəadət Həmidova ilə görüşüb.
O, birgə yaşadıqları dövrdə keçmiş arvadından ona və övladlarına sərf etdiyi pulu geri istəyib. Rədd cavabı aldıqda qəzəblənərək qisas alacağını bildirib və oradan uzaqlaşıb. Yaxınlıqda yerləşən kirayə evinə gedib, özünə məxsus kəsici aləti ("rezak"ı) götürüb və təkrar məktəbin qarşısına gəlib. Keçmiş arvadının işdən çıxmasını gözləyib.
Saat 15 radələrində qadın işdən çıxdıqda üzərinə hücum edib, kəsici alətlə onun boğaz nahiyəsinə zərbələr vurub.
Vaxtında tibbi yardım göstərildiyi üçün G.Həmidovanın həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Ə. Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3-cü (bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham elan edilib.
“Bildirdim ki, uşaqlarla birləş, pulumu ödə”
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib və bildirib ki, fevralın 10-da keçmiş arvadı Gülsəadətin işlədiyi məktəbin həyətinə yaxınlaşıb. İşçilərdən birindən Gülsəadəti çölə çağırmağı istəyib: “Yanıma gəldikdə ondan sənədlərimi, şəkillərimi, həmçinin 1996-cı ildən 2024-cü il tarixədək ona və uşaqlarımıza çəkdiyim xərcləri tələb etdim.
Gülsadət “get tullan, harada yaşayırsan yaşa” deyərək əl-qol hərəkətləri etdi, mənə kobud cavab verdi. Mən ona səhər gələcəyimi dedim, sənədlərimi hazır eləməyi tapşırdım və oradan ayrıldım. Lakin Gülsadətlə uzun müddət ər-arvad münasibətində olduğumdan onun mənə göstərdiyi rəftarı unuda bilmədim.
Məktəbin həyətinə geri qayıtdım. Gülsəadətin məktəbdən çıxaraq evə yox, 9 mərtəbə deyilən yerə tərəf getdiyini gördüm. Ona yaxınlaşıb bildirdim ki, uşaqlarınla birləş, pulumu ödə”.
“Əlimi qanına bulaşdırdığım üçün peşmanam”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin fevral ayınadək keçmiş arvadı Gülsəadətlə uşaqların kirayə pulunu və digər yaşayış xərclərini ödəyib: “Çəkdiyim xərcləri geri tələb etdim. Gülsəadətin mənə kobud cavab verməsi xoşuma gəlmədi. Bu səbəbdən onu cəzalandırmaq qərarına gəldim.
Gülsəadət 9 mərtəbə deyilən yerə doğru gedərkən onu təqib etdim. Dediyi sözlərə əsəbiləşdiyimdən cibimdəki "rezak"la boğazını kəsdim. "Rezak"ı Gülsəadətin bədəninin hansı hissələrinə vurmağımı xatırlamıram. Ətrafda heç kim yox idi. Sonradan kimsə məni saxladı və “bəsdir, artıq vurma” dedi. Oradan gedib məktəbin arxasındakı kafedə araq içdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əlini qana bulaşdırdığı üçün peşman olduğunu bildirib.
“Məni və övladlarımı alçaldıb”
İş üzrə zərərçəkmiş Gülsəadət Həmidovanın sözlərinə görə, 2013-cü ildən orta məktəbdə xadimə işləyir: “Əfqanla 1992-ci ildən 2024-cü ilə qədər rəsmi nikahda olmuşam. 2024-cü ilin fevral ayında rəsmi qaydada boşanmışıq. Birgə nikahdan iki oğul övladımız var.
Nikahda olduğum müddətdə o, mənə və ailə üzvlərimə həmişə əziyyət verib. Ailəsinə və uşaqlarına layiqli baxmayıb. Spirtli içki aludəçisi olmaqla mütəmadi məni və övladlarımı döyüb, təhqir edib, müxtəlif üsullarla alçaldıb. Dəfələrlə sərxoş vəziyyətdə evə gələrək məni və uşaqlarımı öldürməklə hədələyib. Qorxu hissi məni birgə nikah dövründə hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkindirib.
Əfqan alkoqol və narkotik aludəçisi olub".
“Boğazımı kəsdi”
Zərərçəkmiş şəxsin sözlərinə görə, keçmiş əri hadisədən əvvəl oğluna 44 günlük Vətən müharibəsində iştirakı ilə əlaqədar verilən evi sataraq ona pul verilməsini istəyib: “Həmçinin birgə nikahda olduğumuz müddətdə mənə və övladlarımıza sərf etdiyi pulun geri qaytarmağımı tələb etdi. Ona məndən əl çəkməyi bildirdim.
Mən məktəbdən çıxanda qəfil arxadan yaxınlaşdı, söz deyəcəyini bildirdi və boğazımda olan şərfi aralayaraq "rezak"la xəsarət yetirməyə başladı. Saçımdan tutaraq məni yerə yıxdı, xəsarət yetirməyə davam etdi. Yoldan bir nəfər məni zorla Əfqanın əlindən aldı”.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ə. Atakişiyev 15 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.