BAKI, 28 aprel. TELEQRAF

"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Elşən Nəcəfov bildirib ki, təqsirləndirilən şəxslərin hər üçünü tanıyır: "Mən mühafizə polisi işləyirəm. Hadisə vaxtı işdə idim. Yanğına ilk müdaxilə edənlərdən biri mən olmuşam. Gecə saat 03:20-də Gülbahar xanım məni yuxarı çağırdı. 4-cü mərtəbəyə qalxanda küvəzin üstünün yandığını gördüm. Yanğın təxminən 15-20 dəqiqə davam etdi. Küvəzin üstünə vedrə ilə su tökdüm. Yanğın söndü, lakin təkrar alovlandı. Daha sonra yanğınsöndürən balonlardan istifadə etdim. Uşaqlardan 6-sını xilas edə bildim. Təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyiləm".

Zərərçəkmiş Vaqif Abdullayev ifadəsində bildirib ki, təqsirləndirilən şəxsləri tanımır:

“Mən yoldaşımı mərkəzə yerləşdirdikdən sonra rayona qayıtdım. Rayona çatanda yoldaşım zəng edib, mərkəzin yandığını bildirdi. Yoldaşım daha sonra anama zəng edib. Anam taksi ilə mərkəzə gəlib və qaynanamla birlikdə uşağı küvəzdən çıxarıb. Mən də rayondan birbaşa mərkəzə qayıtdım. Daha sonra öyrəndim ki, yoldaşım və övladım ayrı-ayrı xəstəxanalara yerləşdirilib. Evin yeganə övladıyam. 8 ildir evliyəm. Sevinirdik ki, övladımız olacaq. Lakin bu yanğın baş verdi. Rəhbərlikdən şikayətçiyəm".

Daha sonra zərərçəkmiş Aynurə Əhmədova ifadə verib:

“Mən xəstəxanada xadimə işləyirdim. Hadisə günü gecə növbəsində idim və təmizlik işləri ilə məşğul olurdum. Qışqırıq səsləri eşitdim və mərkəzin yandığını anladım. Yuxarı mərtəbəyə qalxdım. Tibb bacıları Təranə və Yeganə ilə birlikdə vedrələrlə su daşıyaraq yanğına müdaxilə etdik. Yanğın elektrik yuvasından başlamışdı. Ora su töküb yanğını söndürməyə çalışdıq. Lakin yanğın pərdə vasitəsilə yayıldı və daha sonra küvəzlərə keçdi. Tibb bacısı Yeganə yanan küvezi açaraq uşağı qucağına aldı və kömək göstərdi. Daha sonra yanğın baş verən otaqdan uşaqları çıxararaq aşağı mərtəbəyə apardıq. Özüm 15 uşağı ikinci mərtəbəyə aparıb təhvil vermişəm. Mərtəbədə yalnız bir yanğınsöndürmə balonu var idi".

Növbəti məhkəmə prosesi mayın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.