​BAKI, 25 aprel. TELEQRAF

"Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilmiş rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.

Teleqraf xəbər verir ki, proses Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilib.

Əvəz Zeynallının vəkili Rəşad Əliyev bildirib ki, məhkumun cəza çəkməsinə mane olan xəstəliklər Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı” ilə müəyyən olunur:

“Həmin siyahının 2.1-ci bəndinə əsasən “Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər”də məhkumun cəza çəkməsinə mane olan xəstəliklər siyahısına aiddir və qeyd edilir ki, klinik diaqnoz hökmən histoloji müayinə ilə təsdiq olunmalıdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə verdiyim vəkil sorğusuna əsasən, Əvəz Zeynallının müvafiq histoloji müayinələrdən keçdiyi və “S-vari bağırsağın adenokorsinoması, qaraciyərə metastaz” diaqnozu təsdiq edilib. Bu diaqnoz qoyulmuş şəxsin həyati təhlükədə olması mübahisəsiz haldır və cəza çəkməkdən azad edilməsi üçün əsasdır. Məcəllənin 78.2-ci maddəsi xəstəliyə görə cəzanı çəkməkdən azad etmənin əsaslarını müəyyən edir. 78.2-ci maddəyə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər”.

Vəkil qeyd edib ki, xəstəliyə görə cəzanı çəkməkdən azad etmənin prosessual əsasları Cinayət Prosessual Məcəlləsinin 511-ci maddəsində təsbit edilib: “Həmin normaya əsasən, məhkumun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yeri üzrə birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarına müvafiq olaraq həkim komissiyasının rəyi əsasında həmin şəxsi cəza çəkməkdən azad edə bilər. Məhkumun cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzaçəkmə müəssisəsi müdriyyətinin təqdimatı əsasında baxılır. Məhkəmə məhkumu xəstəliyinə görə cəzanı çəkməkdən azad edərkən, onu həm əsas, həm də əlavə cəzadan azad etmək hüququna malikdir”.

Vəkil məhkəmədən Ə.Zeynallının xəstəliyə görə cəzasının qalan hissəsindən azad olunmasını xahiş edib.

Hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin olunub, Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.