BAKI, 22 aprel. TELEQRAF

Azərbaycanda şirkət rəhbərlərinə qarşı dələduzluqda ittiham olunan Nadir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

O, müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Nadir Quliyev bir neçə vətəndaşa və şirkət rəhbərlərinə qarşı dələduzluq etməkdə təqsirləndirilir.

Nadir Quliyev zərərçəkmişlərə inşaat sahəsində tikinti işləri görəcəklərini vəd edib və onlardan pul alıb. Bəzi zərərçəkmişlərdən tikinti materialları alıb, onları sataraq pulunu ələ keçirib.

Bundan başqa, Nadir Quliyev bəzi dövlət müəssisələrinə məxsus binaların üzlüklərini yeniləməyə kömək edəcəyi adı ilə şirkət rəhbərlərini aldadaraq pullarını mənimsəyib. Zərərçəkmiş Mahir Əhmədova özünü işgüzar şəxs kimi təqdim edib, iş qurmaq adı ilə onun 30 min manatını alıb.

Azər İlyasova inşaat işlərinin həyata keçirmək vədi verib və tikinti materialları almaqla dələduzluq edib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi olaraq külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

İttihama münasibət bildirən Nadir Quliyev özünü təqsirli bilməyib. O, ittihamda yazılanların yalan olduğunu deyib: "Burada yazılanların hamısı yalandır. 2 ildir iş gedir, 4 müstəntiq dəyişib. İttihamdan yazılanların 90 faizi düzgün deyil".

Zərərçəkmiş Mahir Hümbətova qarşı dələduzluq edilməsi ilə bağlı epizoddan danışan təqsirləndirilən şəxs deyib ki, ona borcu olub, sonra da həmin pulu ödəyib: "Mahir Hümbətovu Ramiz adlı tanışı vasitəsi ilə tanımışam. Onu mənə vəkil kimi təqdim etdi. Mahir müəllimə şərik kimi heç bir vəd etməmişəm. 7 min 500 manat almışam, sonra da pulu qaytarmışam. Bütün işləri Ramiz görüb, çünki onsuz Mahir müəllimlə əlaqə saxlamamışam".

Daha sonra epizod üzrə Mahir Hümbətov ifadə verib. O bildirib ki, Nadir Quliyevlə dostları vasitəsi ilə tanış olub: "Mən Sumqayıt şəhərində dövlət binalarının üz fasadlarının rənglənməsi işinə baxacaqdım. Mən bu şəxslə tanış oldum. Mənə məktəb tikintisi ilə məşğul olduğunu bildirdi, ona inandım. Çünki ofisi var idi, sənədləşmə ilə işləri görürdü.

Mən bu şəxsə özümü vəkil kimi təqdim etməmişəm. O özü dedi ki, Yasamal Məhkəməsində 100 min manatlıq işi var, ona kömək etmək lazımdır. Mən də onu bir vəkillə tanış etdim. İndi ona da 2 min manat borcu yaranıb. Gördük ki, bunun heç kimdən 100 min manat alacağı yoxdur. 2020-2022-ci illərdə layihələri varmış, amma heç bir gəliri olmayıb. Nadir Quliyevə pulu mən özüm vermişəm".

Nadir Quliyev isə zərərçəkmişin yalan danışdığını deyib: "Bu şəxs yalan danışır. Poçt müdiri ola-ola bizneslə məşğul olub. Mənim Binəqədi polisində görməli olduğum iş vardı".

Növbəti proses mayın 6-da davam edəcək.