
BAKI, 11 aprel. TELEQRAF
Bakının Nizami rayonunda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Emin İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü ildə Nizami rayonu, Məmmədov küçəsində baş verib. Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn 38 yaşlı Kamal Şükürovla çiyin-çiyinə toxunub. Bu səbəbdən onlar mübahisə ediblər. Emin özündə olan bıçaqla Kamalın qarın nahiyəsindən bir dəfə vurub.
İstintaq orqanı tərəfindən Emin İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.