
BAKI, 10 aprel. TELEQRAF
"Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun külli miqdarda dələduzluq və digər cinayət əməllərində ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəki iclasda 171 zərərçəkmişdən bir çoxu iştirak edib.
Cinayət işinə əvvəllər digər hakimlər tərəfindən baxılıb. Prosesə sədrlik edən hakim Siyavuş Hacıyev vəfat etdikdən sonra istintaq dayandırılıb.
Hazırda işə hakim Şəlalə Həsənovanın rəhbərlik etdiyi məhkəmə heyəti baxır.
İstintaq sənədlərində qeyd olunur ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib.
Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur.
İttihama görə, vətəndaşlardan toplanan vəsait “Atlant”ın təmir və tikinti işlərinə sərf olunub.
Cinayət işi çərçivəsində “Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər.
Bu gün keçirilən iclasda istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı vəsatət təqdim olunub, lakin məhkəmə həmin vəsatəti təmin etməyib.
Əvvəlki iclaslarda isə zərərçəkmişlər “Atlant”ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb etmişdilər. Bu vəsatət hələlik baxılmamış qalır.
Hazırda məhkəmə prosesi zərərçəkmişlərin ifadələrinin dinlənilməsi ilə davam etdirilir.
Qeyd edək ki, “Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.