
BAKI, 9 aprel. TELEQRAF
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər əlbir olaraq dövlət büdcəsindən ayrılmış 1 milyon manat pulu mənimsəyiblər.
Raqif Abbasov və Eldəniz Qulamov ittihama münasibətdə özlərini təqsirli bilməyiblər. Onlar qarşıdakı iclaslarda epizodlar üzrə ifadə verəcəklərini deyiblər.
Şahidlərin iştirakını təmin etmək üçün proses təxirə salınıb.
Qeyd edək ki, cinayət işinin ilkin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. İş üzrə dəymiş ziyandan cəmi 100 min manat ödənilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.
R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
Təqsirləri sübuta yetirilərsə 14 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.