BAKI, 1 aprel. TELEQRAF

Ağcabədidə 14 yaşlı qıza təcavüz edən 24 yaşlı Ceyhun Ağayevin cəzasının ağırlaşdırılması tələb olunur.

Teleqraf-ın xəbərinə görə, təqsirləndirilən şəxsə şərti cəza verilməsi prokurorluğun narazılığına səbəb olub.

Dövlət ittihamçısı bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə qarşı apellyasiya protesti təqdim edib.

12 mart 2025-ci il tarixində çıxarılan məhkəmə qərarına əsasən, Ceyhun Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi (on iki yaşını tamamlamış, lakin on dörd yaşına çatmamış şəxslə təkrarən cinsi əlaqədə olma) ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum olunub. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı 1 il sınaq müddəti ilə şərti hesab edib.

Prokurorluq isə hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayətin cəmiyyət üçün təhlükəli mahiyyətini və onun ağırlığını nəzərə almadan yüngül cəza təyin edib.

Bu səbəbdən hökmün ləğv olunması və təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş sanksiyaya uyğun olaraq azadlıqdan məhrumetmə cəzasının verilməsi tələb edilir.

Apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsində araşdırılacaq.