
BAKI, 19 mart. TELEQRAF
Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayəti araşdırılması üçün hakim icraatına verilib.
Teleqraf-ın xəbərinə görə, Alimpaşa Məmmədovun kassasiya şikayətinə Ali Məhkəmədə hakim Şahin Yusifovun rəhbərlik etdiyi kollegiyada baxılacaq.
Məhkəmə baxışı iyunun 6-na təyin olunub.
A.Məmmədov kassasiya şikayətində cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilmiş əmlakının geri qaytarılmasını istəyib.
Bundan əlavə “Abad Şəmkir” MMC-nin üzərindən müsadirə qərarının götürülməsini də istəyiblər.
Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə sabiq icra başçısının cəzasını 1 il azaldaraq 10 il 6 aya endirib.