
BAKI, 19 mart. TELEQRAF
Bakının Sabunçu rayonunda ögey anasını qətlə yetirməkdə ittiham olunan 1997-ci il təvəllüdlü Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə başlayır.
Teleqraf xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Kamil Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 1-nə təyin olunub.
Qeyd edək ki, ötən ilin noyabrın 28-də saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qasım Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.