_(1).jpg)
BAKI, 19 mart. TELEQRAF
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin vəsatətləri əsasında mobil operatorlara təqsirləndirilən şəxslərin səsyazılarının, mesajların alınması barədə verilən sorğuya cavab gəldiyi elan olunub.
Hakim deyib ki, həmin səsyazıları, mesajlar disklərdə məhkəmədədir: "Tərəflərdən kim istəsə, gəlib tanış ola bilər. Məhkəmə həmin telefon danışıqlarını, səsyazılarını sənədlərin tədqiqi mərhələsində səsləndirəcəyik".
Şahid qismində Füzuli Rəhimov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsləri tanıyıb, Nuridə Seyidovanın sürücüsü olub: "700 manat əməkhaqqı təklif etdilər. Əvvəlki iş yerimdə 420 manat alırdım. Buna görə razılaşdım, işə çıxdım. Məni sürücü kimi işə götürdülər. Nuridə xanım dedi ki, işin uşağı məktəbə aparmaq olacaq. Mən də onun uşağını məktəbə və hazırlıq kurslarına aparmışam. Nuridə xanımın yanına Aynur xanımın vasitəsi ilə işə düzləmişəm. Aynur xanım bu işi həyat yoldaşıma deyib".
Hakim deyib ki, təqsirləndirilən şəxslərin iş yerləri harda olub, nə işlə məşğul olublar, pul alış-verişində nə rolun olub - bu barədə danış.
Şahid isə qeyd edib ki, onun pul alışından heç bir rolu olmayıb. "Sənə topa-topa pul veriblər, aparıb valyutaya dəyişibsən, bu barədə danış", - deyə hakim müraciət edib.
Şahid qeyd edib ki, bir neçə dəfə verilən pulu bankda xarici valyutaya çevirib. Təqsirləndirilən şəxslərin yanında 5 ay işləyib.
Təqsirləndirilən Aysel Məmmədova bildirib ki, 7500 manat zərərçəkmiş Lamiyənin, 23 min isə Kamil Əhmədovun olub. Nuridə Seyidova bildirib ki, bu məbləğlərdə pulların alınması yadında deyil: "Füzuli müəllim mənə pul gətirib. Amma yadımda qalmayıb. Mənə verilən bütün pulları saymışam, bu məbləğlər yadımda deyil".
Füzuli Rəhimov deyib ki, o, ofisdə yox, maşında işləyib: "İçəridə nə baş verib, nə iş görüblər, bundan xəbərim olmayıb".
Zərərçəkmiş Kamil Əhmədov deyib ki, Gömrük Hospitalının həyətində pulu iki nəfər alıblar, pulu sayaraq götürüblər: "Mircəlal həkim dedi ki, get, Aysel müəllimin yanına, pulu ona ver. Mən də Ayselə verdim".
Aysel Məmmədova isə deyib ki, Kamil Əhmədovdan 23 min manatı alaraq sayıb, pulu Nuridə Seyidovaya çatdırılması üçün Füzuli Rəhimova verib.
Nuridə Seyidova isə deyib ki, alınan pulları klinikalara köçürüblər. Onun sözlərinə görə, pulları Gömrük Hospitalına, Mərkəzi Klinika və xarici klinikalara köçürüblər, bununla bağlı əlində qəbzlər var.
Hakim bildirib ki, Kamil Əhmədovun həyat yoldaşı xəstə olub, onun pulunu niyə başqa xəstə üçün köçürübsüz? Nuridə Seyidova cavab verib ki, Kamil Əhmədovun növbəsinə vaxt olduğu üçün pulu digər xəstələrin müalicəsinə yönəldiblər.
Daha sonra şahid qismində ifadə verən Toğrul Kərimov deyib ki, şirkətdə kompüter və mühasibatlıq işində çalışıb, Nuridə Seyidovanın köməkçisi işləyib: "Nuridə xanım məni işə çağırdı. Mən də "Çinar Plaza"da olan ofisə gəldim. Soruşdim ki, işim nə olacaq? Dedi, sənəd işləri ilə məşğul olacaqsan. Bir qədər sonra Nuridə xanım məndən soruşdu ki, xarici pasportun var? Dedim, yox. ASAN xidmətdən pasport aldım. Bundan sonra Türkiyəyə getdim. Ora apardığım pulu bir nəfər gələrək götürdü".
Şahid qeyd edib ki, 400 manat maaş alıb, vergi işlərini kimin görməsindən xəbəri olmayıb. Hakimin "yüz minlərlə pul gəlirdi, sən də orda mühasibatlıq işi görürdün, pulları nə edirdin" sualına şahid belə cavab verib: "Mən bütün pulları Nuridə Seyidovaya vermişəm. Pulları nə ediblər, neynəyiblər, bundan xəbərim olmayıb. İşim sənədləşmə aparmaq olub".
Hakim Azad Məcidov deyib ki, alınan pulların hesabatı verilməyib: "Vergiyə heç bir sənəd verilməyib. Pulu kassaya qoyub, sənədləşmə aparmaq əvəzinə, pulları aparıb Nuridə Seyidovaya vermisən. Nuridə Seyidova da indi deyir ki, mənə pul tam çatmayıb, arada bölünüb. Burada yüz minlərlə məbləğdən söhbət gedir. Alınan pullardan 8 faiz vergi ödənilməliydi. Dövlətə bir manat da vergi ödənişi olmayıb. Xəstələrə də pul xərclənməyib. Şahid pullara görə məsuliyyətə cəlb oluna bilərdi. Sən bəlkə də fiziki qüsurlu şəxs olduğun üçün məsuliyyətə cəlb olunmamısan. Mən müstəntiq olsaydım, səni məsuliyyətə cəlb edərdim. Çünki pulları sən almısan, həm də dollarlar şəklində almısan. Bu özü də qanunsuzdur, çünki Azərbaycanda pul vahidi manatdır və iş onunla görülməlidir. Bunların hamısı cinayət məsuliyyəti təşkil edir".
Şahid deyib ki, işçi kimi Nuridə Seyidovaya tabe olub: "Mənə maaşı Nuridə xanım verib. Aysel Məmmədova və Aynur Bayramova da orada həkim işləyiblər. Onlar mənə heç bir göstəriş verməyiblər. Xəstələri qəbul ediblər və aldıqları pulları mənə versələr də, mən hamısını Nuridə xanıma vermişəm.
Mən pulları sayıb Nuridə xanıma çatdıranda onun kiməsə pul verməsini görməmişəm. Pulları ölkə xaricinə Nuridə xanımın göstərişi ilə göndərmişəm. Amma nə qədər pul olub yadımda qalmayıb.
Nuridə xanım deyib ki, filankəs pul göndərib, get onu çıxart gətir. Deyirdi ki, heç bir problem yoxdur. Müdir mənə nə deyib, mən də onu etmişəm. Pulları çekləri ilə brilik də gətirərək Nuridə xanıma vermişəm. Belə pulların gətirilməsi çox olub. Bundan başqa, Nuridə xanımın göstərişi ilə şirkətin ünvanını dəqiq tanımayan pasientləri qarşılayıb, onları ofisə gətirmişəm".
Nuridə Seyidovanın suallarına cavab verən şahid deyib ki, ofisdə Aynur Bayramova və Aysel Məmmədovaya pul verilməsinin şahidi olub: "Amma nə qədər pul verildiyini deyə bilmərəm. Mən pulu sayıb stolun üstünə qoymuşam".
Növbəti proses aprelin 2-də davam edəcək.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.