​​BAKI, 17 mart. TELEQRAF

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Çingiz Mehdiyev 3 il sınaq müddəti olmaqla, azadlıqdan məhrum edilib.

Həmçinin hökmə əsasən, onun üzərinə həbs qoyulmuş əmlakları da həbsdən azad edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib. Onun barəsində seçilmiş polis nəzarəti altına verilmə qətimkan tədbirinin dəyişdirilməsinin, onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Dövlət ittihamçısı qeyd edib ki, təqsirləndirilən şəxsin əmlakların üzərinə xüsusi müsadirə olunması barədə həbs qoyulub, məhkəmə hökm çıxaran zaman bu məsələni də həll etməlidir.

Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib.

İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

İttihamda göstərilir ki, o, Gənclər və İdman Nazirliyi vasitəsi ilə Bakı şəhər Halqası Əməliyyat şirkətinə ayrılmış 397.852,82 manat vəsaiti mənimsəyib.

Bundan başqa Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-nin "Bank of Amerika" bankındakı hesabına 1.436.735,18 manatı köçürməklə leqallaşdırıb.