BAKI, 13 mart. TELEQRAF

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş təqsirləndirilən şəxs Davit Manukyan dövlət ittihamını müdafiə edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırıb.

Teleqraf xəbər verir ki, Davit Manukyan “Miatsum” haqqında məlumatının olmadığını deyib.

O, Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar, təqsirləndirilən şəxslərin müdafiəçiləri və zərərçəkmiş şəxslərin nümayəndələri David Manukyan, Lyova Mnaksakanyan, Melikset Paşayan və Madat Babayana Ermənistan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi Qarabağda Ermənistan tərəfindən yaradılan, onun dəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkar birliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi və yüksək vəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bu birləşmələrin fəaliyyətində iştirakı, habelə “böyük Ermənistan” cinayətkar ideologiyası, “Miatsum” və “Qarabağ” hərəkatlarının məqsədi, hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilən şəxslərlə onların əlaqələri, Qarabağda keçirilən qanunsuz mitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib-etməmələri, həmin qanunsuz mitinqlərdə çıxış edənlər, insanların qanunsuz mitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələrinə, yaxud dəvət olunmalarına dair suallar veriblər.