​BAKI, 5 mart. TELEQRAF

"Bizim dövr" qəzeti və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

Hər iki təqsirləndirilən şəxs məhkəmədən bəraət xahiş edib.

Məhkəmə müşavirəyə yollanıb, daha sonra hökm oxunub.

Hökmə əsasən, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Əlavə olaraq onlara 3 il müddətinə rəhbər və maddi məsul şəxs kimi vəzifə tutmaq səlahiyyəti qadağan edilib.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.

Surxay Əliyev və Hikmət Nəcəfli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Cinayət işi üzrə Oktay Rza oğlu Abdullayev, İkram Tahir oğlu Təhləyev, Sevil Bayram qızı Məsimova, İradə Hüseyn qızı Hacınskaya, Məhərrəm Abasət oğlu Əsgərov, Vladim Məhəmməd oğlu İbrahimov, Elmira Zamanova, Zülfiyyə Seyid qızı Şirin, Mobil Qəhrəman oğlu Qəhrəmanov, Səyyarə Mərdan qızı Abbasova zərərçəkmiş qismində tanınıblar.