​BAKI, 5 mart. TELEQRAF

Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifovun həmkarı Adəm Məmmədov və onun qardaşı Xəyyam Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib və 6 ay müddətə azadlıqdan məhrum edilib.

Onun qardaşı Xəyyam Məmmədov da eyni əməllərlə təqsirli bilinib və ona 6 ay müddətə islah işləri cəzası verilib.

Xatırladaq ki, Adəm Məmmədovun təsisçi və qardaşının baş redaktor olduğu saytda Ceyhun Yusifovun haqqında yalan məlumatlar yerləşdirilib.

Qeyd edək ki, vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cəzalandırılmaları tələb olunub.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında digər cəzalarla yanaş, üç ilədək müddətə azadlıqdan məhrum etmə, 148-ci maddəsinin sanksiyasında isə digər cəzalarla yanaşı, altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.