
BAKI, 3 mart. TELEQRAF
“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin vəkili məhkəmə istintaqının təzələnməsi ilə bağlı vəsatət veriblər.
Qeyd edək ki, bundan əvvəlki prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilmiş, çıxış üçün dövlət ittihamçısına vaxt verilmişdi.
Vəkil qeyd edib ki, bundan əvvəlki iclaslarda keçmiş deputat Arif Rəhimzadənin dindirilməsi ilə bağlı vəsatətləri olub: "Amma məhkəmədə vəsatət baxılmamış saxlanıb, əsas şahidlər dindiriləndən sonra vəsatətə baxılacağı qeyd olunub. Bizim onun dindirilməsi barədə yeni vəsatətimiz olacaq".
Vəkil həmçinin yarışlarda alınan məhsulların təhvil-təslim aktının olduğunu da deyib. O, bəzi sənədləri məhkəməyə təqdim etmək istədiyini söyləyib.
Vəkil həmçinin bildirib ki, ibtidai istintaqda hazırlanmış ittiham aktında leqallaşdırma maddəsi qoyulub: "Çingizin qardaşının Gürcüstanda olan bank hesabına pul köçürülməsi leqallaşdırma hesab olunub. İlkin vəsatətimiz qeyd olunan mütəxəssis rəyi ilə bağlıdır. Ekspertizaya aid rəy mütəxəssis rəyi sayıla bilməz. Çingizin anası vəfat edəndən sonra vərəsəlik məsələsi ortaya çıxıb".
Vəkil qeyd edib ki, şirkətin əsas direktoru başqası olub, Çingiz Mehdiyev isə orada icraçı vəzifəsini daşıyıb: "Biz xahiş edirik, məhkəmə istintaqının təzələnməsini istəyirik. Vəsatətlərimiz olacaq, işi yarımçıq saxlmayaq".
Dövlət ittihamçısı Orxan Səmədov məhkəmə istintaqının təzələnməsinə etiraz edib. Yerində müşavirə keçirən hakimlər vəsatəti təmin etməyiblər.
Dövlət ittihamçısı Orxan Səmədov ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən şəxsin əməlinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesində tam sübuta yetirildiyini bildirib.
Dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib. Onun barəsində seçilmiş polis nəzarəti altına verilmə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib. Qeyd edib ki, təqsirləndirilən şəxsin əmlakları üzərinə xüsusi müsadirə barədə həbs qoyulub, məhkəmə hökm çıxaran zaman bu məsələni də həll etməlidir.
Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib.
İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.