
BAKI, 28 fevral. TELEQRAF
"Prezident İlham Əliyevin yürütdüyü, milli maraqlara söykənən daxili və xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunun güclənməsini, iqtisadi və hərbi qüdrətinin artmasını, davamlı tərəqqisini və bütün sahələrdə inkişafını təmin edib. Eyni zamanda məhkəmə hakimiyyətinin möhkəmlənməsi və inkişaf etdirilməsi, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması, məhkəmələrin maddi-texniki bazasının müasirləşdirilməsi, o cümlədən hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərinə aid edilərək, dövlət başçısının xüsusi diqqət mərkəzində olub".
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan hakimlər İttifaqının sədri Ramiz Rzayev Azərbaycan Hakimlərinin ilk Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Hakimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu toplantıda ilk dəfədir ki, fəaliyyətdə olan bütün məhkəmə instansiyalarını təmsil edən hakimlərlə təqaüdə çıxmış hakimlər bir araya gəliblər:
"Azərbaycan Hakimlər İttifaqı 2023-cü ilin oktyabrında daha əvvəl fəaliyyət göstərmiş 3 təşkilatın birləşməsi nəticəsində təsis edilib. Respublikada fəaliyyət göstərən bütün hakimləri və hakimlik vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən İttifaq dövlətin həyata keçirdiyi məhkəmə-hüquq islahatlarına, qanunvericiliyin təkmilləşdirilməsinə öz dəstəyini göstərməklə yanaşı, hüququn müxtəlif sahələri üzrə ictimaiyyətin maarifləndirilməsi istiqamətində də mühüm işlər görür.
Bu gün məmnunluqla demək olar ki, ölkəmizdə məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılması məsələlərində böyük nailiyyətlər əldə olunub. Amma müasir inkişafın reallıqları və bu günün çağırışları bütün sahələrdə olduğu kimi məhkəmə hakimiyyətinin fəaliyyətində də islahatların daimi əsasda və sistemli aparılmasını, təkmilləşdirilmələrin və yeniliklərin tətbiqini labüd edir.
Məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, innovativ texnologiyaların tətbiqi, məhkəmə proseslərində çevikliyin artırılması dövrün tələbidir.
Dövr, zaman nə qədər dəyişsə də, cəmiyyət nə qədər inkişaf etsə də ədalət mühakiməsinin əsas vəzifəsi və məqsədi dəyişməz olaraq qalır – insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasıdır. Ədalət mühakiməsinin təməlində duran və ictimaiyyətin məhkəmə hakimiyyətinə etimadını yaradan ən əsas amillərdən biri isə məhkəmə qərarlarının ədalətliliyidir. Prezident İlham Əliyev məhkəmə kompleksinin açılışı zamanı söylədiyi nitqində ədalət mühakiməsinin ədalətliliyinə xüsusi diqqət ayırıb. O demişdi: “Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür”.
Məhkəmələrin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi və cəmiyyətin gözləntilərinə cavab verməsi üçün yüksək mənəvi keyfiyyətlərə, geniş hüquqi və sosial biliklərə malik olan, müstəqil, ədalətli, məsuliyyətli və vicdanlı hakimlər fəaliyyət göstərməlidir. Sevindirici haldır ki, bu keyfiyyətlərə malik olan, bilik və bacarıqlarını daim təkmilləşdirən, çağdaş dövrün tələblərinə cavab verən vərdişlər qazanan gənc hakimlərimizin sayı ildən-ilə artır".
Ramiz Rzayev bildirib ki, bugünkü konfrans zamanı bir çox aktual və böyük maraq doğuran mövzulara, xüsusilə də məhkəmə-hüquq sahəsində tətbiq olunan yeniliklərə və hakimlərin gündəlik fəaliyyətlərində rastlaşdıqları problemlərə toxunulacaq: "Burada müasir dövrdə ədalət mühakiməsi qarşısında duran yeni çağırışlar, o cümlədən cinayət, mülki, kommersiya və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi və onun səmərəliliyinin artırılması, bu sahələrdə aparılan islahatlar, məhkəmələrin praktiki fəaliyyətlərinin yeni yanaşmalar tətbiq etməklə təkmilləşdirilməsi və digər praktiki məsələlər müzakirə olunacaq.
Azərbaycan Hakimlər İttifaqı təsis edildiyi tarixdən hal-hazıradək ötən dövr ərzində ölkənin müxtəlif regionlarında hakimlər üçün aktual olan mövzular üzrə seminar və təlimlər keçirilmiş, hakimlərin peşəkar inkişafı, habelə onların asudə vaxtlarının təşkili istiqamətində mühüm işlər görülüb. Görülmüş tədbirlərə dair müfəssəl hesabat diqqətinizə bir qədər sonra təqdim ediləcək.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, sevindirici haldır ki, qısa müddət ərzində aparılmış məqsədyönlü fəaliyyət nəticəsində 93 ölkənin hakimlər birliklərini özündə birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının 2025-ci ildə Bakı şəhərində keçirilməsinə nail olunub. Azərbaycanın bu tədbiri keçirmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə sisteminə olan inam və etimadının əyani təzahürüdür. Əminəm ki, bu beynəlxalq tədbir dövlətimizin məhkəmə-hüquq sahəsində əldə etdiyi nailiyyətlərin geniş hüquq ictimaiyyətinə çatdırılması və müsbət təcrübəmizin bölüşməsi baxımından səmərəli olacaqdır. Bu məsələdə hər birinizin dəstək göstərəcəyinizə və töhfə verəcəyinizə inanıram.
Əminəm ki, Azərbaycan hakimlərinin bu gün keçirilən forumu çərçivəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliyinin və keyfiyyətinin artırılması, hüquq tətbiqetmə təcrübəsinin vahidliyinin təmin olunması və digər maraq doğuran istiqamətlər üzrə faydalı müzakirələr, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılacaq.
Konfransın işinə uğurlar diləyərək, çıxışımı müstəqil Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə bitirmək istəyirəm “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".