
BAKI, 27 fevral. TELEQRAF
“2023-cü il oktyabrın 3-də bizi – məni, Arkadi Qukasyanı Qarabağdan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasına gətirdilər. Həmin gün Bakı 12 saylı vəkil bürosunun vəkili Nigar Mirbabayeva Azərbaycan Respublikasın tərəfindən mənim hüquqlarımı müdafiə etmək üçün təyin edildi. Mənə həmçinin tərcüməçi təqdim edildi".
Teleqraf xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərlik etdiyi prosesdə Ermənistan Respublikasının vətəndaşı Bako Sahakyan ifadə verərkən deyib.
"İstintaq prosesi zamanı mənim müstəntiqim tərəfindən mənim bütün hüquqlarım təmin olunub ki, suallara tam şəkildə cavab verim. Həmçinin öz fikrimi bildirməyə və nöqteyi-nəzərimi də ortaya qoymağa şəraitim olub.
İstintaqın başlanğıcında mən bildirmişəm və həmin bəyanatı indi də vermək, təsdiqləmək istəyirəm ki, bu münaqişə, bu tarix cinayət və məhkəmə istintaqı predmeti deyil. Mən bu fikri bildirərkən də nə məhkəmənin, nə də istintaqın səlahiyyətlərini şübhə altına almamışam” - deyə Bako Sahakyan qeyd edib.