BAKI, 27 fevral. TELEQRAF

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə Əşrəf Kamilov ifadə verib.

Qeyd edək ki, Əşrəf Kamilov "Ata bank" Müşahidə Şurasının sədri, həm də bankın həmtəsisçisi olub. Onu da bildirək ki, bankdan "Şahin CO" MMC-yə ayrılan külli miqdarda kreditin ayrılmasına Əşrəf Kamilov imza atıb.

O bildirib ki, rəhbərlik etdiyi banka “Şahin CO” şirkətinin adına kredit götürülməsi üçün müraciət olunub. Onun sözlərinə görə, həmin şirkət müdafiə sənayesinin inkişafına köməklik məqsədilə işlərin görülməsi üçün yaradılıb. Bildirib ki, həmin şirkət vasitəsilə Zahid Niftəliyevin adına kredit götürülüb.

Bu zaman təqsirləndirilən şəxs deyib ki, kreditin götürülməsində iştirak etməyib, bundan xəbərsiz olub.

Daha sonra ifadəsini davam etdirən Əşrəf Kamilov qeyd edib ki, bankda səhmləri olan bir şəxs kimi ona da ziyan dəyib:

“Əmanətlərin Sığortalanması Fondu araşdırma aparır. Mənim də təsisçi kimi bankda əmanətim olub. Hesab edirəm ki, sonda mənə də dəymiş ziyan ödəniləcək. Bankda kreditlərin götürülməsindən xəbərim olmayıb. “Şahin CO” şirkətinin banka nə qədər borclu olduğunu bilməmişəm”.

Əşrəf Kamilovun sözlərinə görə, Zahid Niftəliyevin adına bankda böyük məbləğdə kredit götürülməsi üçün müraciət olunub:

“Amma məbləğ böyük olduğu üçün İdarə Heyəti və Müşahidə Şurasında müzakirə edildi. Amma sonda kreditin verilməsinə müsbət rəy verildi. Məbləğin yarısı başqa hesaba köçürüldü”.

Zahid Niftəliyev isə bildirib ki, kreditin götürülməsindən, yarısının isə başqa hesaba köçürülməsindən xəbəri olmayıb.

Daha sonra şahid qismində ifadə verən Adıgözəl Ağayev bildirib ki, “ATA Holdinq”in İdarə Heyətinin sədr müavini olub. Onun sözlərinə görə, 2015-ci ilin iyul ayında idarə heyəti tərəfindən “Şahin CO” MMC-nin adına böyük məbləğdə kredit verilməsi üçün müraciət müzakirə edilib: “Müşahidə Şurası tərəfindən banka rəy verildi. Biz də həmin rəyə imza etdik. Kreditin verilməsinə müsbət cavab verildi və daha sonra kreditin ayrılması barədə qərara gəlindi”.

Adıgözəl Ağayev qeyd edib ki, onların vəzifəsi banka böyük məbləğdə kreditin ayrılması üçün müraciətlərin araşdırılması, əvəzində qoyulan girovların yoxlanılması olub.

Sorğu-sual zamanı məlum olub ki, “Şahin CO” MMC-yə böyük məbləğdə kredit ayrılsa da, amma heç bir girov qoyulmayıb. Bununla bağlı məsələyə Adıgözəl Ağayev belə cavab verib: “Bununla bağlı xahiş olunmuşdu. Çünki müsbət cavab verilməli idi”.

Sualları cavablandıran zaman şahid qeyd edib ki, kreditin ayrılması məsələsinə sabiq vergilər naziri, mərhum Fazil Məmmədovun göstərişi olub: “Amma sonradan kreditin ödənilməməsi bizə məlum oldu. İlin sonunda faizlərin bağlanması zamanı bunu müəyyən etdik. 2019-cu ildə bununla bağlı İqtisad Məhkəməsinə müraciət etdik”.

Bu zaman şahidə niyə görə 2015-2016-cı illərdə deyil, 2019-cu ildə İqtisad Məhkəməsinə müraciət olunması ilə bağlı, həmçinin həmin illərdə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətlə bağlı suallar verilib. Şahid isə bildirib ki, əvvəlcə kreditin ödənilməsi üçün müştəriyə fürsət verilib, bununla bağlı Zahid Niftəliyevə yeni müqavilə də göndəriblər, amma nəticəsi olmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Bu məsələyə Zahid Niftəliyev isə belə arayış verib: “2019-cu ildə mənə yeni müqavilə göndərdilər. Məqsəd isə kreditin vaxtının uzadılması ilə bağlı idi. Mən də həmin müqaviləyə imza atmadım. Çünki heç bir pul götürməmişdim”.

Növbəti proses martın 12-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.