
BAKI, 27 Fevral. TELEQRAF
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.
Prosesdə təqsirləndirilən Martin Ryan ifadə verib. O bildirib ki, səfirlikdə işləyən 3 şəxslə əlaqəsi olub:
"Onlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları idi. Əvvəlcə mənə kəşfiyyatçı kimi yaxınlaşmırdılar. Pul müqabilində təhlükəli bir iş dedilər, mən qəbul etmədim. Sonra onların agent olduğunu bildim. Bu, davranışları və mənə verdikləri suallardan bəlli oldu. Onlar Fransa ilə rəqabətdə olan ölkələrlə maraqlanırdılar. Bu işdə azərbaycanlılardan istifadə etmək istəyirdilər. Hətta burada və digər ölkələrdə yaşayan fransızdilli Azərbaycan vətəndaşları ilə əlaqələr yaradılması istiqamətində də fəaliyyət göstərirdilər. Azad Məmmədliyə də onlar iş təklif etmişdilər.
Onlarla əlaqəni sonlandıra bilmədim. İndi buna görə peşmanam, çox səhv etmişəm. Problemləri görüb, yaxşı qiymətləndirə bilmədim. Təəssüf ki, Azərbaycanın mənə olan etimadını itirmişəm. Mənə olan inamdan sui-istifadə etmişəm. Bu məsələdə günahkar Fransa hökumətidir. Səfirliyin əməkdaşları diplomatik örtük altında təhlükəli işlə məşğul olublar, Fransa hökuməti məni manipulyasiya edib".
Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib:
"Mən Azərbaycana biznes məqsədilə gəlmişdim. Azərbaycanın çox qədim tarixi var. Xaricdə xeyli azərbaycanlıyla tanış olmuşam. 2015-ci ildə turist kimi də Azərbaycana gəlmişəm. 2016-cı ildə Ramin adlı azərbaycanlı dostumla burada iş qurduq. 2 ilə yaxın Raminə kömək etdim. Bu vaxt mənim Fransa səfirliyi ilə əlaqələrim yarandı. 2019-cu ildə Ramin mənə daha bir iş təklifi etdi, razılaşdım. Fransa şirkətlərini Qafqaza cəlb edirdilər. Bu, qeyri-neft sektoru ilə bağlıydı. Azərbaycan-Fransa arasında yaxşı əlaqələr var idi. Şirkət yaratdıq və mən menecer kimi çalışdım. Hər şeyi Fransada qoyub, Bakıya köçdüm.
Mən Azərbaycana normal iş qurmaq məqsədilə gəlmişdim. İş adamı kimi Fransa səfirliyi ilə əlaqələrim yarandı. Azərbaycan dilini müəyyən qədər öyrəndim.
Fransa kəşfiyyatının nümayəndələri ilə daha təhlükəsiz yer hesab edilən Fransa səfirliyinin inzibati binasında və ya ictimai yerlərdə görüşürdük. Onların mənlə yaratdığı əlaqə şəxsi əlaqə idi. Sadəcə, mənim etibarımdan sui-istifadə ediblər. Məni bu məxfi fəaliyyətə cəlb ediblər. Həssas məsələlər olurdu, sual verirdilər, mən də cavab verirdim. Mənimlə görüşənlərdən biri, bayaq dediyim kimi, təhlükəli iş təklif etdi, qəbul etmədim.
Onlar Azadı da bu işə cəlb etmişdilər. İstəkləri Azərbaycanda fransızca danışan ziyalı şəxsləri bu işə cəlb etmək idi. Səfirlikdəki həmin şəxslərlə Azadın da əlaqəsi var idi, mütəmadi görüşürdülər. Azadla başa düşdük ki, bizi manipulyasiya ediblər. Onlar bizə bu fəaliyyətimizin müqabilində təhlükəsizlik zəmanəti vermişdilər. Çünki onlar diplomat idilər. Bizimlə görüşənlərin hamısı səfirliyin eyni idarəsində yüksək vəzifələrdə fəaliyyət göstərirdilər.
Deyirdilər ki, Azərbaycanda nə baş verirsə, onlara məlumat verək. İranla, Rusiya ilə bağlı məsələləri öyrənmək istəyirdilər. Tapşırırdılar ki, İran və Rusiya biznesmenlərinə inanmayaq.
Səfirlikdə çalışan 4-cü agent də vardı, onunla mənim heç bir əlaqəm olmayıb. Həmin adam Azadla əlaqədə olub. Lakin onunla bir dəfə görüşmüşdüm. Ölkələrarası münasibətlər gərginləşəndə mən Azadla onlara suallar verirdik. Soruşurduq ki, onlarla əlaqələrimiz qırıla bilərmi? Heç bir problemin olmadığını deyirdilər.
Həbs olunandan sonra Fransa hökumətindən kömək istəmişəm. Fransa hökumətinin bunlardan xəbəri olub.
Dekabrın 20-də Makron sərəncam verərək Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etdi. Bununla Fransa hökuməti öz xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda həyata keçirmək istədiyi kəşfiyyat fəaliyyətinin uğursuzluqla nəticələnməsini bir növ etiraf etmiş oldu. Jerom və Loran dekabrın 26-da Azərbaycandan deport ediliblər. O agentləri də istintaq orqanı çağırıb. Onlar yaxşı bilirdilər ki, Azadla mən tutulmuşuq. Lakin DTX-yə gəlməkdən imtina etdilər. Həmin şəxslər bizi xilas etməyə gəlmədilər.
Fransa mediasında mənim haqqımda heç bir məlumat yox idi. Atam "Franspress"lə əlaqə yaradaraq mənim həbs edilməyim barədə onlara informasiya verib. Lakin həmin media orqanı da bu barədə informasiyanı yaymadı. Sonra bir erməni bloger vasitəsilə mənim həbsim ictimailəşdi. Fransa hökuməti də bundan sonra bəyanat verdi və həbsimin qeyri-qanuni olduğunu bəyan elədi. Mən Fransa hökumətini qınayıram ki, həbsimin bir ayına qədər susmuşdu. Sonradan atamı Fransa Xarici İşlər Nazirliyinə çağıraraq söhbət ediblər və həmin şəxslərin guya “akkreditə olunmuş diplomatlar” olduğunu bildiriblər. Atam məsələni aydınlaşdırmaq üçün Fransa xüsusi xidmət orqanlarına müraciət edib. Lakin indiyə qədər ona cavab verən tapılmayıb. Atam müraciətinin cavabsız qaldığını görərək məsələni məhkəmə predmetinə çevirmək niyyətindədir. Atamın bu mövqeyini mən də dəstəkləyirəm".
Martin Ryan bu işdə günahkarın Fransa hökuməti olduğunu dilə gətirib:
"Həmin agentləri buraya Fransa hökuməti göndərib. İndi bütün bu işləri də onlar yoluna qoymalıdırlar. Mən bu işdə çox əziyyət çəkmişəm. 1 il 3 aydır həbsdəyəm, işlərimi itirmişəm. Uzunmüddətli proyektlərim vardı. Ev almışdım, burada evlənəcəkdim. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir.
Mənim həbsim onların dedikləri kimi qeyri-qanuni idisə, niyə bir şey etmədilər?
Öz vətəndaşlarının müdafiəsi cəhətdən Azərbaycan hökumətini nümunə göstərmək istəyirəm”.
Məhkəmənin növbəti prosesi martın 12-nə təyin edilib.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Martin Ryan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin dövlətə xəyanət ittihamı ilə mühakimə olunduğu bəlli olub.