.jpg)
BAKI, 26 fevral. TELEQRAF
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Aynur Orucova ifadə verib.
Zərərçəkmiş bildirib ki, təqsirləndirilən Aynur Bayramova və Nuridə Seyidovanı tanıyıb. Onun sözlərinə görə, oğlu talassemiya xəstəsi olub: "Bu şəxslərlə Günel Heydərova vasitəsi ilə tanış oldum. Günel xanım da bunların yanına xəstə aparmışdı. Məndən Günel xanım əməliyyat üçün 20 min manat istədi. O qədər pulumuz yox idi. Pulu toplayıb onların ofisinə getdik, bizi çox yaxşı qarşıladılar. Aynurun öz uşağı da xəstə idi.
Bizdə 25 min manat var idi, yataqxana tipli evimizi satmışdıq. Amma pulu hələ almamışdıq. Aynur zəng etdi ki, pulu gətirin. Özü də pulu dollarla istədilər. Biz də pulu 15 min dollara çevirdik və "Çinar Plaza"da onlara verdik. Bizi İstanbula göndərdilər. Biletimizi də Nuridə təşkil etdi. Bizi otelə yerləşdirdilər. Səhəri gün xəstəxanaya getdik, analizləri verdik. 3500 dollar istədilər. Mən də vəziyyəti Aynura dedim, analiz məsələsi həll edildi. Dedilər ki, hər şey hazırdır, pul köçürülsün, əməliyyat olunacaq.
Həmin vaxt uşağın səhhətində problem yarandı. Xəstələndiyi üçün əməliyyata qəbul etmədilər. Mən də Nuridəyə zəng etdim, dedim ki, uşaq xəstələndiyi üçün xəstəxanaya qəbul etmirlər, pulu köçürmək lazımdır. Amma bir həftə iki, sonra üç həftə oldu, pulu köçürmədilər".
Aynur Orucova qeyd edib ki, sonradan Nuridə Seyidova onları Antalyada olan xəstəxanaya göndərmək istəyib, amma buna özü razı olmayıb: "Çünki uşağın halı yaxşı deyildi, bundan sonra Azərbaycana qayıtdıq. Uşaq da əməliyyat olunmadı".
Zərərçəkmiş bildirib ki, hazırda ona dəymiş ziyanı həm Nuridə Seyidovadan, həm də Aynur Bayramovadan tələb edir.
O bildirib ki, pulu Nuridə Seyidovaya verib: "O da işçisi Toğrula verdi. Pul sayıldı. Pulun alınması ilə bağlı aramızda müqavilə də imzalandı".
Aynur Orucova bildirib ki, İstanbulda olduqları vaxt 10 min dollar əlavə xərcləri çıxıb: "Nuridə dedi ki, bir həftəyə pulu qaytaracaqlar. Amma sonra zəng etdik, ona zəng çatmadı. İnternetdən öyrəndik ki, Nuridə nəzarətə götürülüb. Mən bunlara çox inanmışdım. Çünki oturub söhbət etmişdik, dərdləşmişdik".
Təqsirləndirilən Aynur Bayramova bildirib ki, pulun alınmasında iştirak etməyib: "Pulu verəndə mən orada idim? Dəqiq fikirləşin. Bizim ikimizin də dərdimiz eynidir".
Zərərçəkmiş ona cavab verməyib.
Aynur Bayramova əlavə edib ki, pulların alınması zamanı orada olmayıb, Aynur Orucovanı bir dəfə söhbət etməyə gələndə, bir dəfə də aeroportda görüb.
Zərərçəkmiş Zeynal Cəlilovun məhkəməyə göndərdiyi teleqramda Aysel Məmmədovadan 25 min dollar, digər zərərçəkmiş Nüşabə Məmmədovanın teleqramında isə ona dəymiş 34 min dollarlıq ziyanı Nuridə Seyidova və Aynur Bayramovadan tələb etdiyi bildirilib.
Daha sonra təqsirləndirilən Nuridə Seyidova iddia edib ki, digər təqsirləndirilən Aynur Bayramovanın zalda əyləşən bacısı tərəfindən təhqirlərə məruz qalır. "Hörmətli hakim, bizi zalda lənətləyirlər, bundan təngə gəlmişəm" - deyə Seyidova qeyd edib.
Aynur Bayramova isə Nuridə Seyidova tərəfindən hədə-qorxu aldığını söyləyib.
Hakim Aynur Bayramovanın bacısına xəbərdarlıq edib və onun zaldan çıxarılmasına göstəriş verib. Prosesdə tərəflər arasında mübahisə yaranıb. Hakimlər iclasda qısa fasilə elan ediblər. Ara sakitləşəndən sonra proses davam edib.
Şahid qismində Mais Bayramovun dindirilməsi zamanı yenidən mübahisə yaranıb. Bu, hakimin etirazına səbəb olub: "Mən 43 ildir bu sahədə işləyirəm. İmkan verin, işimizi aparaq. Belə getsə, işi apara bilməyəcəyik. Prosesi uzatmaq lazım deyil. Əks halda, müvafiq tədbir görəcəyik".
Daha sonra şahid Mais Bayramov təqsirləndirilən Aysel Məmmədovanın suallarını cavablandırıb.
Mais Bayramov deyib ki, xalası oğlu Ramin Dadaşovun övladının xəstəliyi ilə bağlı Talassemiya Mərkəzində olub və təqsirləndirilən şəxsləri o zaman tanıyıb. Bildirib ki, özü də bu işdə zərərçəkəndir.
Şahid qismində ifadə verən Şəbnəm Qurbanovanın sözlərinə görə, Nuridə Seyidova və Aynur Bayramovanı əvvəldən tanıyırmış: "Aysel Məmmədovanı isə 2017-ci ildə mən "Nərgiz" fonduna aid tibbi şirkətlərin birində vəzifədə olarkən tanıdım. Mənim övladım da talassemiya xəstəsi idi, Talassemiya Mərkəzində əməliyyat olunmuşdu. Lakin müalicəyə pul çatdırmırdıq. O ərəfədə sosial şəbəkələrdə Aysel Məmmədovanın elanını görüb, ondan kömək istədim. Dedi ki, yalnız əməliyyata kömək edə bilər.
Aysel Məmmədova şəxsi hesabına mənə kömək etdi. Onların yanına fonddan tanıdığım 2 nəfər talessimiya xəstəsinin valideynini göndərmişdim. Həmin valideynlər ödəniş edərkən orada olmamışam. Aysel Məmmədova mənə əziyyətimin qarşılığı olaraq 1000 dollar vermişdi. Həmin pulu da müstəntiq məndən alıb zərərçəkən Nərgiz və Şövkət arasında bölüşdürdü".
Növbəti proses martın 12-də davam edəcək.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını
Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.