BAKI, 26 fevral. TELEQRAF

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində tanınan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Dədəkişi Vəlizadə vəsatət qaldırıb.

O, bu işdə Maliyyə Nazirliyinin zərərçəkən qismində tanınmasını istəyib: "Məlumdur ki, qurumlara dövlət büdcəsindən vəsait Maliyyə Nazirliyi tərəfindən müvafiq işlərin görülməsi üçün ayrılır. Ayrılmış vəsait təyinatı üzrə xərclənməyib və dövlət büdcəsinə ziyan dəyib. Bu cinayət işinə görə ziyan həmin nazirliyə dəymiş hesab olunmalıdır. Sizdən xahiş edirəm ki, bu işdə zərərçəkən qismində Gənclər və İdman Nazirliyi deyil, Maliyyə Nazirliyinin tanınsın".

Dövlət ittihamçısı Eldar Həmzəyev vəsatəti əsassız hesab edərək təmin olunmamasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.