
BAKI, 21 fevral. TELEQRAF
Azərbaycanda dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova vəsatətlə çıxış edib. O, Bəhruz Səmədov barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini məhkəmədən xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.
Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Prosesin qapalı keçirilməsi barədə qərar verilib.
Məhkəmə baxışı martın 7-nə təyin olunub.
Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.