BAKI, 21 fevral. TELEQRAF

"Meydan TV" işi üzrə saxlanılan Nurlan Qəhrəmanlı (Libre) barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Nurlan Qəhrəmanlının barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Nurlan Qəhrəmanlı fevralın 20-də saxlanılıb.

Qeyd edək ki, 2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

Dekbarın 8-də Xətai rayon Məhkəməsinin qərarı ilə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirovun hər birinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində fevralın 6-da 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin həmin dövrdə yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.

Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.