
BAKI, 19 fevral. TELEQRAF
Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
O, Tofiq Yaqublunun 10 il, Elnur Məmmədovun 9 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
İttihama görə, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.
Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro və 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.
Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.
İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.
Proses fevralın 26-da davam edəcək.