.jpg)
BAKI, 19 fevral. TELEQRAF
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Tural Nəsmiyev vəsatətlə çıxış edib.
O bildirib ki, cəmi üç nəfər təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunub. Halbuki cinayətin törədilməsi üç qadınla məhdudlaşmır: "Bu işin pərdəarxasında qalan, adları çəkilməyən şəxslər var. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişindən məlum olur ki, bu işlə bağlı ciddi tədbir görülməyəcək".
Tural Nəsmiyev qaranlıq qalan məsələlərin aydınlaşması üçün adları keçən həkimlərin məhkəməyə çağırılması məqsədilə vəsatət qaldırıb.
Dindirilməsi tələb edilən həkimlər - Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi olan Xuraman Cəfərova, mərkəzin o vaxtkı direktoru Valeh Hüseynov və başqalarıdır. Bu şəxlərin ifadəsi iş üçün əhəmiyyətli hesab edilir. Zərərçəkmiş onların məhkəməyə çağırılmasını və dindirilməsini istəyib.
Tural Nəsmiyev bildirib ki, Mircəlal Kazımlı Gömrük hospitalının cərrahı olduğunu deyib. Digər adı çəkilən Xuraman Cəfərova və Valeh Hüseynov isə işlərində yol verdikləri nöqsanlara görə vəzifədən azad olunublar. Bildirib ki, bu şəxslər Aynur Bayramovaya mərkəzdə sərbəst hərəkət etməsinə şərait yaradıblar.
Tural Nəsmiyev həmçinin bildirib ki, hər üç təqsirləndirilən şəxsin, həm də vəsatətdə adları qeyd olunan həkimlərin bir-birləri ilə telefon danışıqlarını, həmçinin yazışmaları və səs yazılarının alınması üçün mobil operatora sorğu göndərilsin.
Dövlət ittihamçısı Fariz Rzayev vəsatətin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə verdiyini deyib. Məhkəmədə iştirak edən zərərçəkmişlər vəsatətin təmin olunmasını istəyiblər.
Təqsirləndirilən şəxslərin vəkilləri də vəsatəti müdafiə ediblər. Aynur Bayramovanın vəkili bildirib ki, müvəkkili həmin mərkəzdə heç bir qanunsuz hərəkətlər etməyib. Onun sözlərinə görə, mobil operatordan alınan cavab müdafiə tərəfinin xeyrinə olacaq, çünki belə bir hal mövcud olmayıb.
Nuridə Seyidovanın da vəkili vəsatətin təmin olunmasını istəyib. Deyib ki, müvəkkili ilə bağlı bu hissədə qaranlıq məqamlar yoxdur.
Nuridə Seyidova vəsatətlə razı olduğunu deyib.
Vəsatətlə razı olduğunu deyən Aynur Bayramova bildirib ki, həkimlərin məhkəməyə gəlməsini, əlavə olaraq Akif, Fidan həkimlərin də məhkəməyə çağırılmasını istəyir.
Hər üç təqsirləndirilən şəxs mobil operatora da sorğu göndərilməsinə etiraz etməyiblər. Məhkəmədə məlum olub ki, Nuridə Seyidova azadlıqda olanda 5 telefon nömrəsindən istifadə edib.
Yerində müşavirə keçirən hakimlər qərara alıblar ki, həkimlərin çağırılması barədə vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılsın. Hakim bildirib ki, Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq əsas şahidlər dindiriləndən sonra bu şahidlərin çağırılması məsələsinə baxılacaq.
Məhkəmə mobil operatora sorğu göndərilməsi barədə vəsatəti təmin edib. Təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın telefon danışıqları, səs yazıları və yazışmalarının alınması üçün müvafiq mobil operatorlara sorğu göndərilməsi barədə qərar qəbul edilib.
Daha sonra zərərçəkmiş Natiq Qubatov ifadə verib. O bildirib ki, övladı talassemiya xəstəsi olub: "Hazırda övladımı əməliyyat etmişik, şükür Allaha, vəziyyəti yaxşıdır. Amma o zaman çətin vaxtlarımız idi. 2022-ci ilin aprelində qan vurdurmaq üçün talassemiya mərkəzinə getdik. Orada olan zaman Aynur Bayramovanı tanıdıq. Əhmədli qəsəbəsində Diaqnostik Mərkəzdə Aynurla görüşdüm. Dedi ki, məsələ həll olunacaq, donor tapılacaq. Sonradan dedi ki, donor da tapılıb.
Nərimanov rayonunda görüşdük. Onlara 15 min dollar verdik. Həyat yoldaşım və qızım da yanımda idi. Dedim ki, bizim işimizi uzatmayın, qızımın vəziyyəti yaxşı deyil.
Sonra qayıdaraq pulu geri götürmək istədim. Həyat yoldaşım dedi ki, nə etmək istəyirsən? Dedim, gözüm su içmədi, bunlar dələduza oxşayırlar. Həyat yoldaşım dedi ki, Aynur Bayramovanın da qızı xəstədir, xəstə övladı olan adam vicdansız olmaz. Həyat yoldaşımın bu sözünə görə pulu geri almadım".
Zərərçəkmiş bildirib ki, öz evini satıb qızının yolunda xərcləyib, hazırda kirayədə yaşayır: "Amma bu vicdansız (Nuridə Seyidovanın nəzərdə tutub - red.) pulumu qaytarmadı. Bizim övladımızın pulları ilə bahalı ofis kirayələyiblər, bahalı şokoladlar yeyiblər".
Zərərçəkmiş əlavə edib ki, işin üstü açılanda Nuridə Seyidova zərərçəkmişləri başına toplayaraq onlara yalan vədlər verib: "Mən pulumu Nuridə və Aynurdan tələb edirəm. Nuridənin məndə səs yazısı var. Deyirdi ki, sən heç kimə heç nə demə, sənin övladını müalicəsini həll edəcəyik. Xəstə uşağın pulunun yeyilməsi ilə barışmaq olmaz. Bunların ucbatından iki uşaq həyatını itirib, neçə uşağın da həyatı təhlükə altındadır".
Nuridə Seyidova zərərçəkmiş Natiq Qubatovdan pul alındığını etiraf edib. Bildirib ki, həmin pulu Aynur Bayramova ilə bölüşüblər.
Daha sonra zərərçəkmiş Günay Ağayeva ifadə verib. O bildirib ki, övladının 9 yaşı var, talassemiya xəstəsidir: "Məni Aynurla tanış etdilər. Sonra Akif hoca gəldi, onunla danışdıq. 25 min manat pul topladıq. Həmin pulu Aynur Bayramovaya verdik. O da bizim yanımızda Nuridəyə verdi. Mən pulu 2022-ci ilin noyabrında verdim. Dedilər ki, dekabrda mülacəyə göndəriləcək. Amma sonradan məsələ uzandı, mən də şikayətçi oldum. Mən pulu Nuridə və Aynurdan tələb edirəm. Mənim uşağıma bir şey olsa, bağışlamayacam".
Aynur Bayramova deyib ki, özünün də övladı xəstədir: "Mən zərərçəkmişlərin üzünə baxa bilmirəm. Xəcalət çəkirəm. Nuridə günahkardır. Onun arxasında iki kişi dayanıb. Onlar bura gəlsin. Ümid, Vaqif gəlsin bura. Mən bu işin arxasındayam. Mənə 20 il iş versələr, bu işin axırına çıxacam. Bayramova artıq ölür. Mənə burada oturub hədə-qorxu gəlir. Bu işin axırına çıxacam".
Nuridə Seyidova da Aynur Bayramovaya etiraz edib. Bu zaman onların arasında mübahisə yaranıb. Aynur Bayramova deyib ki, bütün işləri Nuridə Seyidova görüb, sponsorluq da o etməli idi: "Hamı bilsin ki, bu işdə günahkar kimdir..."
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.