
BAKI, 19 fevral. TELEQRAF
Özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikinti layihəsində ekspert, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, eyni zamanda general rütbəli şəxs kimi təqdim edərək vətəndaşlara qarşı yarım milyon manatlıq dələduzluq etməkdə ittiham olunan Mirdaməd Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Arzu Məmmədov ifadə verib.
O bildirib ki, Mirdamət Əzizovla yaxın dostu Xalid Mirzəyevin vasitəsilə tanış olub: "Özümə ev almaq üçün dostum Xalidlə məsləhətləşdim, mənə Mirdaməd adlı tanışı olduğunu, MİDA-nın binalarından ev almağa kömək edə biləcəyini dedi. Bildirdi ki, Mirdaməd MİDA ilə əlaqəsi olan adamdır, bu işləri ipoteka yolu ilə görür.
Mirdaməd Əzizovla danışıb razılığa gəldik. İlkin ödəniş kimi ona 20 min manat verdim. Mənə dedi ki, narahat olma, hər şey yaxşı olacaq. Mənzilin sənədlərini təqdim edəcəyinə söz verdi.
2023-cü ilin sonunda ASAN Xidmətə müqavilə üçün getdim. Bir gün axşama kimi onu ASAN Xidmətdə gözlədim, gəlib çıxmadı. Nə evi ala bildim, nə də pullarımı qaytardı”.
Zərərçəkmiş Coşqun Bayramov prosesdə iştirak etmədiyindən onun istintaqa verdiyi ifadəsi elan olunub. Ceyhun Bayramov istintaqa ifadəsində göstərib ki, Mirdaməd Əzizovu 2023-cü ilin yayında Sumqayıt şəhərində şəhidin anım mərasimində tanıyıb. Bir müddət sonra onunla söhbət edərkən özünə mənzil axtardığını deyib:
“Mirdaməd mənə MİDA-dan mənzil almağa kömək edə biləcəyini söylədi. Hətta telefonunda general formasında olan şəklini, “Youtube” platformasında olan videolarını mənə göstərdi. Ona inandım, mənzil almaqda mənə kömək edəcəyini zənn elədim. Güzəştli mənzillərdən üç otaqlı olanını mənim üçün həll edəcəyini dedi. Evin 73 min manat qiyməti olduğunu bildirdi, ilkin ödəniş olaraq 15 min manat istədi. Yerdə qalan pulu isə 20 illik kreditlə ödəyəcəyimi dedi, razılaşdım.
Bir neçə gündən sonra görüşdük, 15 min manatı verdim. Pulu götürdükdən sonra mənzilə tez bir zamanda köçəcəyimə söz verdi. Lakin sözünü tutmadı. Müxtəlif bəhanələr gətirərək məni aldatdı”.
Təqsirləndirilən Mirdaməd Əzizov zərərçəkmişin istintaqa verdiyi ifadəsində göstərdiklərini təsdiq etməyib.
Məhkəmə prosesi martın 18-də davam edəcək.
Qeyd edək ki, Mirdaməd Əzizov özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin yanvarından 2024-cü ilin fevralınadək olan müddətdə Mənzil İnşaatı Dövlət Agentliyinin paytaxtın Yeni Yasamal ərazisində inşa etdiyi “Yeni Yasamal” yaşayış kompleksindəki mənzillər üçün güzəştli elektron kabineti yaratmaq, həmçinin, sərfəli şərtlərlə dəyərindən ucuz qiymətə mənzillərin alınmasına köməklik göstərilməsi ilə bağlı ona müraciət edənlərə özünü səlahiyyətli və vəzifəli şəxs kimi təqdim edib.
“Yeni Yasamal” yaşayış kompleksindəki mənzillərin alınmasını həll etmək imkanının olduğunu bildirib, həmin şəxslərdə güzəştli şərtlərlə mənzil almalarına köməklik göstərmək imkanının olmasına dair fikir formalaşdırıb, müxtəlif məbləğlərdə pul tələb edib.
Cinayət işi üzrə 26 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən biri də MİDA-dır.
Miradməd Əzizova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.