BAKI, 17 fevral. TELEQRAF

Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə etiraz ediblər.

Teleqraf xəbər verir ki, bu barədə prokuror Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmədə bildirib.

Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə prosesində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən vurğulanıb.

Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.