
BAKI, 17 fevral. TELEQRAF
2022-ci il sentyabrın 12-dən 14-dək olan müddət ərzində Ermənistanın silahlı döyüş mövqelərindən Azərbaycanın Zəngilan, Qubadlı, Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Silahlı Qüvvələrinin mühafizə postları və qərargahlarının iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu qəsdən öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə prokuror Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində bildirib.
Qeyd olunub ki, 435 hərbi qulluqçusuna, habelə Kəlbəcər rayonunun 1 dinc mülki sakininə ağır dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürmələrinə cəhd edilib.