
BAKI, 17 fevral. TELEQRAF
“Farmaniya.com” adlı dələduzluq piramidasını idarə etməklə çoxsaylı vətəndaşları aldadan 19 yaşlı Hüseyn Quliyevin məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda tərəflər bir-biri ilə tanış olublar.
Anket məlumatlarından görünür ki, piramida yaradıb çoxsaylı vətəndaşların aldadılmasına görə həbs edilən Hüseyn tam orta təhsil də almayıb. O, 9-cu sinfi bitirəndən sonra məktəbdən ayrılıb.
İşə yeni vəkil qoşulduğundan məhkəmə bu dəfə baxışa təyin edilməyib. Prosesin hazırlıq iclası fevralın 24-də davam edəcək.
Qeyd edək ki, Hüseyn müxtəlif vaxtlarda sosial şəbəkələrdə gündəmə gələn “Zevs”in (Ruslan Quliyev) qardaşıdır.
O, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda və dələduzluqda ittiham edilir. Gəncin təqsiri sübuta yetirilərsə, 12 ilə kimi həbsdə qala bilər.
Bu dələduzluq pramidası da Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilib.