BAKI, 17 fevral. TELEQRAF

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun apellyasiya şikayətinə baxılıb.

Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi keçirilən iclasda qərar elan olunub.

Qeyd edək ki, zərərçəkmiş deputat Fazil Mustafa da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayət verib.

Fazil Mustafa onu güllələyən Səbuhi Şirinova verilmiş 20 il azadlıqdan məhrumetmə cəzasından narazıdır. O, Şirinovun ömürlük məhkum edilməsini istəyir. Bu instansiyada da deputatın nümayəndəsi Əjdər Əhmədov təmsil edib.

Təqsirləndirilən şəxslər isə birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayıblar. Onlar şikayət ərizələrində hökmün dəyişdirilməsini xahiş ediblər.

Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar veriblər. Qərara görə, hər iki tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2023-cü ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq xəsarət yetirilib. Hadisədən dərhal sonra Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb və bu hadisənin terror aktı olduğunu açıqlayıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.