BATUMİ, 24 aprel. TELEQRAF

Teleqraf-ın Gürcüstan bürosunun əməkdaşının Batumidə Azərbaycan izləri mövzusunda araşdırma yazısının ikinci hissəsini təqdim edirik.

Yazının ilk hissəsini buradan oxumaq mümkündür.

Azərbaycanlı icmanın yenidən təşkilatlanma zərurəti

Hazırda Batumidə yaşayan yerli azərbaycanlılarla yanaşı, bu şəhərdə çalışan Azərbaycan vətəndaşları və soydaşlarımızın birləşdiyi bir təşkilat faktiki olaraq yoxdur. Müxtəlif illərdə yaradılmış iki təşilatın rəsmi qeydiyyatı olsa da, real fəaliyyətləri nəzərə çarpmır. Mirzə Fətəli Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin rəhbəri Vidadi Axundovun vəfatından sonra təşkilat demək olar fəaliyyət göstərmir. Daha bir təşkilat isə “Əli və Nino” adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzidir. Onun da fəaliyyəti nəzərə çarpmır.

Son dövrdə Batuminin azərbaycanlı icmasının yenidən təşkilatlanması zərurəti yaranıb. Acarıstan paytaxtındakı Azərbaycanın Baş Konsulluğu da bunun tərəfdarıdır. Diplomatik nümayəndəlikdən bildirilib ki, yeni vahid təşkilatın yaradılması ilə bağlı ilk olaraq təşəbbüs göstərilməlidir. Baş konsulluğumuz bu təşəbbüsü dəstəkləməyə və yaradılacaq təşkilatın Acarıstanın dövlət qurumları ilə əlaqələr qurmasında vasitəçilik göstərməyə hazırdır. Ümumi fikir bundan ibarətdir ki, yeni təsis olunacaq qurum özündə yerli azərbaycanlılarla yanaşı, vətəndaşlarımızı və soydaşlarımızı da birləşdirsin, qurumu vahid rəhbər deyil, hər sahə üzrə məsul şəxslər idarə etsinlər, qərarlar səsvermə yolu ilə qəbul olunsun. Bu formada yaradılacaq yeni icma təşkilatının daha səmərəli və dayanıqlı fəaliyyət göstərəcəyinə ümid bəslənilir.

Bazar günü məktəbi – “Azərbaycanlı olduqlarını unutmağa qoymuruq”

Batumidə azərbaycandilli təhsil ocağı olmasa da, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin təbliği missiyasını Baş konsulluğumuzun nəzdindəki bazar günü məktəbi yerinə yetirir. 2017-ci ilin oktyabrından açılan məktəb ilk illərdə müxtəlif məkanlarda fəaliyyət göstərsə də, 2019-cu ildən fəaliyyəti sistemləşdirilib və məktəbin dərsləri Baş konsulluğumuzun binasında hər şənbə günü keçirilir. Məktəbin müəllimi Aynurə Quluzadədir. 2017-ci ilin yayından ailəsi ilə Batumidə yaşayan Aynurə xanım Bakı Slavyan Universitetinin elmi işçisi olub və xarici tələbələrə Azərbaycan dili və Azərbaycanşünaslıq üzrə dərs deyib. Fəaliyyətini Batumidəki Şota Rustaveli adına Dövlət Universitetində davam etdirməyə hazırlaşdığı bir vaxtda Baş konsulluğun bazar günü məktəbinə dəvət alıb və burada müəllim kimi çalışmağa başlayıb. Aynurə Quluzadə məktəbin başlıca məqsədini bir cümlə ilə belə ifadə edir: “Uşaqlara azərbaycanlı olduqlarını unutmağa qoymuruq”.

Məktəbə cəlb olunmuş uşaqların daimi sayı 15-18 nəfər təşkil edir. Uşaqlar aşağı və yuxarı sinif şagirdlərindən ibarətdir. Uşaqların məktəbə böyük marağının olduğunu qeyd edən Aynurə Quluzadənin sözlərinə görə, dərslərdə Azərbaycan dili ilə yanaşı, ədəbiyyatımız, tariximiz, mədəniyyətimiz də öyrədilir. Tədris prosesində Azərbaycan ədəbiyyatına aid kitablar və dərsliklərdən istifadə olunur. Bazar günü məktəbinin üzvləri Baş konsulluğun təşkil etdiyi bütün tədbirlərin ən əsas və fəal iştirakçılarıdır.

Batumi-Bakı əlaqələri, Bakı küçəsi

Batumidə Azərbaycanla bağlı yalnız bir küçə — Bakı küçəsi var. Küçə şəhərin girişində yerləşir, sahil xətti boyunca uzanır.

Bakı adı küçəyə 1892-ci ildə verilib. Həmin dövrdə Batumidə Bakı adlı küçənin yaranması heç də təsadüfi olmayıb. Belə ki, Acarıstan paytaxtı liman və sənaye şəhərinə çevrilməsinə görə Bakıya borcludur. Bakının Batuminin inkişafına verdiyi töhfələr barədə hələ 1890-cı ildə Tiflisdə nəşr olunmuş, tərtibatçısı N.M.Dakişeviç olan “Batum” adlı kitabda yazılıb:

“Batumi şəhəri Xəzər və Qara dənizlərini birləşdirən Zaqafqaziya dəmir yolunun son məntəqəsi olaraq, yaxşı körfəzə malik olmaqla və yalnız Bakı neftinin sayəsində bütün Zaqafqaziya bölgəsinin əsas göndərmə kommersiya limanına çevrilib”.

Qeyd edək ki, Bakı və Batumi arasında magistral dəmir yolu xətti ilə neftin nəqlinə 1883-cü ildə başlanılıb. 1897-1907-ci illərdə isə iki şəhəri birləşdirən neft boru kəməri inşa olunub. Bakı-Batumi dəmir yolu xəttinin çəkilməsi ilə Batumidə vağzal binası da inşa edilib. Dəmir yolu vağzalının tikintisinə 1889-cu ildə başlanılıb, rəsmi açılışı isə 1893-cü ildə baş tutub. Batumidə məskunlaşmanın artması vağzalın şəhər mərkəzində saxlanılmasını mümkünsüz edirdi. Bu səbəbdən yeni vağzal binasının inşasına qərar verilir. Bakı-Tbilisi-Batumi marşrutunun ayrılmaz hissəsi olmuş vağzal 1996-cı ilədək fəaliyyət göstərib. Yeni vağzal binası isə mərkəzdən aralıda inşa olunub və 2015-ci ildə açılıb. Köhnə vağzal binasında isə hazırda bank yerləşir. Tarixi binanın arxiv fotoşəkillərinə baxanda Bakı Dəmir Yolu Vağzalının binası ilə memarlıq cəhətdən müəyyən bənzərlikləri görmək mümkündür.

Bakıdan uzanan dəmir yolu xəttinin Batuminin iqtisadi inkişafındakı müstəsna rolu Gürcüstan Demokratik Respublikasına aid sənədlər toplusundakı aşağıdakı abzasdan daha aydın olur:

“Batuminin porto-franko (malları rüsumsuz idxal və ixrac edən liman – C.B.) elan edilməsindən və daha sonra onun Bakı-Batumi dəmir yolu magistralına birləşdirilməsindən sonra şəhərin sənaye həyatı nəhəng addımlarla inkişaf etməyə başlayır; bütün ixrac və idxal ticarəti Batumiyə istiqamətlənir, bunun sayəsində cəmi 5-10 il ərzində şəhərin əhalisi az qala 10 dəfə artır və Batumi 2 min nəfər əhalisi ilə çirkli balaca kənddən 20 min nəfərlik əhalisi olan, inkişaf etmiş ticari-sənaye həyatı ilə çiçəklənən fabrik-zavod şəhərinə çevrilir”.

Gürcü mənbələrinə əsasən, Bakı küçəsinin ilk adı Sahil küçəsi olub. Küçə Bakı adını 62 il daşıyır. Belə ki, 1954-cü ildə Bakı adı küçədən götürülür. Müxtəlif vaxtlarda leytenant Şmidt, Kobuleti, Lavrenti Beriyanın, gürcü yazıçı və publisist Yakob Qoqebaşvilinin adını daşıyır. Lakin 56 il sonra - 2010-cu ilin avqustunda Batumi Şəhər Şurasının yekdil qərarı ilə küçəyə tarixi Bakı adı qaytarılıb.

Bakı küçəsi “Arqo Batumi” kanat yolunun aşağı stansiyasından başlayır. Ad bildirən 1 saylı lövhə stansiyanın binasına vurulub.

Bakı küçəsi, 14 ünvanında 2015-ci ilin mayında açılan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Acarıstan nümayəndələyinin inzibati binası da yerləşir. Binanın yerində vaxtilə renessans-barokko stilində fasadları olan ikimərtəbəli daş bina mövcud olub. Bərpası mümkün olmadığına görə sökülüb, yerində dördmərtəbəli bina inşa olunub. Tikili elə layihələndirilib ki, Bakı küçəsində yerləşən tarixi binaların ansamblına uyğun olsun.

Küçədə, həmçinin 1990-cı illərin sonlarında inşa olunmuş Müqəddəs Ruh katolik kilsəsi, Batumi Beynəlxalq Universiteti, Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi yerləşir. Bəzi yerlərdə küçənin köhnə Yakob Qoqebaşvili adını bildirən lövhələrə rast gəlinir.

Bu yerdə bir təkliflə çıxış etmək yerinə düşər. “Bakı küçəsi 1” yazısı olan lövhənin yanında həmin ölçüdə küçənin adlandırılmasının qısa tarixçəsini özündə əks etdirən lövhə və yaxud QR-kod yerləşdirmək olar. “Arqo Batumi” kanat yolu şəhərdə turistlərin ən çox üz tutduğu məkandır. Stansiya ətrafında bəzən uzun növbələrin yarandığını müşahidə etmək mümkündür. Kanat yolunun yuxarı stansiyasında Batuminin ən hündür baxış meydançası yerləşir və buradan şəhərin heyrətləndirici mənzərəsi açılır.

Müqəddəs Məryəm Kafedralını Bakı ilə nə bağlayır?

Batuminin dini abidələri arasında Müqəddəs Məryəm Kafedralının binası şəhərin zəngin memarlıq irsinin bənzərsiz nümunəsidir. Xristian dininə aid olan bu ibadətgahın adı Azərbaycan izləri mövzusundakı yazıda əbəs yerə çəkilmir. Bu məbədi 1898-1903-cü illərdə Stepane Zubalaşvili anası Elizabetin xatirəsinə katolik kilsə kimi inşa etdirib. Bu həmin Zubalaşvililərdir ki, Bakı neftinin hesabına zənginləşərək geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olublar. Stepane Zubalaşvilinin atası Konstantine Zubalaşvili (1829-1901) 1860-cı ildə Bakıda, Bibiheybətdə torpaq sahəsi alıb. Neftin üzə çıxmasından sonra Zubalaşvilinin ailəsi varlanıb. Konstantine Zubalaşvili Bakının tanınmış neft mədənləri sahibinə, ailəsi isə Cənubi Qafqazın ən zəngin ailələrindən birinə çevrilib.

Stepane Zubalaşvili Konstantine Zubalaşvilinin dörd oğlundan ikincisi olub. O, Bakıda 20 il yaşayıb, atasının firmasının şəhərdəki işlərini idarə edib.

Zubalaşvililərin filantropik fəaliyyəti üçün tələb olunan vəsaitlər Bakı neftinin hesabına əldə edilib. Onların xeyriyyəçilik izlərini Batumi ilə yanaşı, Tbilisi, Paris, Moskva, Bern və Bari şəhərlərində də görmək mümkündür.

Kilsə binası neoqotik stildə tikilib və üç qülləsi var. Tikilinin inşası üçün İtaliyadan rəssam və memarlar dəvət olunub. İnşası 250 min rubla başa gəlib. Binanın fasadları müxtəlif memarlıq elementləri və müqəddəslərin heykəlləri ilə bəzədilib.

Sovet dövründə kilsə binası öz funksiyasını yerinə yetirə bilməyib. Burada arxiv, daha sonra laboratoriya və digər idarələr yerləşib. 1980-ci illərdə Acarıstan hökumətinin qərarı ilə Gürcüstan Pravoslav Kilsəsinin ixtiyarına verilib, 1989-cu ildə Patriarx II İlya tərəfindən təqdis edilib. Bina Acarıstanın mədəni irs abidəsidir.

Batuminin vizit kartı - “Əli və Nino” abidəsi

Batumidəki Azərbaycan izlərindən bəhs edərkən şəhərin əsas simvollarından biri olan “Əli və Nino” abidəsini qeyd etməmək mümkün deyil. Qurban Səidin məşhur romanında cərəyan edən hadisələr Batumini əhatə etməsə də, azərbaycanlı Əlinin və gürcü Ninonun poladdan yarımşəffaf fiqurları bənzəri olmayan abidədə “sevgi rəqsi”ndə birləşir. Şəhərin vizit kartına çevrilmiş heykəltəraşlıq nümunəsi 2010-cu ilin oktyabrın 14-də açılıb. Müəllifi tanınmış gürcü heykəltəraş Tamara Kvesitadzedir. Bildirilir ki, onu abidəni yaratmağa “Əli və Nino” romanını oxuması ilhamlandırıb. Abidənin ilkin adı “Kişi və qadın” olsa da, ucaldılmasından sonra bu ad “Əli və Nino” ilə əvəzlənib.

Abidənin yaxınlığında yerləşdirilən lövhədə gürcü, ingilis, rus və türk dillərində bu məlumat yer alıb:

“Eşqin hərəkət edən heykəli “Əli və Nino” 2010-cu ildə quraşdırılıb. Müəlliflər: Tamara Kvesitadze və Paata Sanaya. Fiqurlar bir-birinə doğru yavaşca hərəkət edərək toxunmayaraq birləşirlər. Poladdan hazırlanan konstruksiyanın hündürlüyü 8 metrdir. Kompozisiya Qurban Səidin gürcü knyaz qızı Nino və azərbaycanlı aristokrat Əlinin sevgisini əks etdirir”.

Batumidə hansı azərbaycanlıların xatirəsini əbədiləşdirə bilərik?

Batumidə Naxçıvan küçəsinin olmaması təəccübləndirir. Axı şəhərləri 2012-ci ildən qardaşlıq və əməkdaşlıq əlaqələri birləşdirir. Acarıstan paytaxtında bu qardaşlığın şərəfinə küçələrdən birinə Naxçıvan Muxtar Respublikasının paytaxtının adının verilməsi təşəbbüsü irəli sürülə bilər. Naxçıvan şəhərində də qarşılıqlı olaraq küçələrdən biri Batumi adlandırıla bilər.

Batumidə bu şəhərdə müəyyən müddət fəaliyyət göstərmiş istiqlal şairimiz Əhməd Cavad, bu şəhərdə anadan olmuş şairin həyat yoldaşı, repressiya qurbanı Şükriyyə Axundzadənin və kinomuzun Mixaylosu – Azərbaycanın Xalq artisti Nodar Şaşıqoğlunun da xatirələrinin əbədiləşdirilməsi imkanları nəzərdən keçirilə bilər.

Qeyd edim ki, araşdırma yazı Batumidə və ümumilikdə Acarıstanda mövcud olmuş və günümüzə qədər gəlib çıxmış izlərimizin hamısını əlbəttə ki, əhatə etmir. Bu mövzu tarixçilərimizin cəlb olunması ilə daha geniş və detallı araşdırma tələb edir. Əminliklə söyləmək olar ki, Acarıstanın arxivlərində Azərbaycan və azərbaycanlıların izləri haqqında bu günə qədər məlum olmayan faktlar, məlumatlar, sənədlər və fotoşəkillər saysız-hesabsızdır. Yalnız bir faktı qeyd etmək yerinə düşər ki, 2022-ci ilin fevralında Acarıstanın Xelvaçauri rayonunda keçmiş hərbi baza ərazisində aşkarlanmış 29 repressiya qurbanının dəfn olunduğu ümumi məzarlıqda Ələkbərov Hüseyn Ələkbər oğlunun (1869-1938) da qalıqlarının olduğu ehtimal edilib. Belə ki, 15 mart 1938-ci il tarixli aktda barəsində güllələnmə qərarı çıxarılmış həmin 29 nəfərin siyahısında H.Ələkbərov da var. Onun kim olması və repressiyaya məruz qalma səbəbi Batumidə hələ üzərinə işıq salınmamış Azərbaycana aid tarixi faktlar kimi naməlum olaraq qalmaqdadır.