BAKI, 27 may. TELEQRAF

2024-cü ilin dövlət büdcəsinin “İqtisadi fəaliyyət” bölməsinin “Turizm” paraqrafı üzrə xərclərinə 37,4 milyon manat vəsait ayrılıb ki, bu da 2023-cü illə müqayisədə 7,6 milyon manat və ya 25,5 faiz çoxdur.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Bu vəsaitdən “Ölkənin turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planının icrası” tədbiri üzrə 24,1 milyon manat, “Xarici populyar televiziya şirkətləri vasitəsilə respublikamızın turizm imkanlarının təbliği” tədbiri üzrə 3,0 milyon manat, beynəlxalq turizm təşkilatlarına (UNWTO, PATA) illik üzvlük haqqına 0,3 milyon manat, üzümçülük və şərabçılıq turizminin inkişafı üçün həyata keçirilən təbliğat işlərinə 0,3 milyon manat, Azərbaycan turizminin təbliğatı üçün İsrail ofisinin saxlanılması xərclərinə 1,3 milyon manat, Şahdağda dağ xizək yollarına xidmət göstərilməsinə isə 1,6 milyon manat xərclənib.

Azərbaycan turizminin təbliğatı üçün Rusiya ofisinin saxlanma xərclərinə 0,4 milyon manat, BMT-nin İnkişaf Proqramının Azərbaycanda Regionların Dayanıqlı Turizminin İnkişafı ilə bağlı Proqramına dəstəklə bağlı xərclərə 1,1 milyon manat, xarici ölkələrdə (Rusiya, Almaniya, İngiltərə, İsrail, Türkiyə, Qazaxıstan, İspaniya, Özbəkistan) Azərbaycan turizminin təbliği üçün sərgilərdə iştirak etmək məqsədilə sahələrin icarəsinə, "Worldchef" ilə birgə əməkdaşlıq, Azərbaycanın məşhur yeməklərinin kulinariya tədbirləri çərçivəsində təqdim olunmasına isə 1,1 milyon manat vəsait ayrılıb.

Şuşa ilə əlaqəli keçirilən qastronomiya tədbirlərinə 0,2 milyon manat, hesabat ili ərzində 8 regional turizm idarələri tərəfindən həyata keçirilən yerli turizm tədbirlərinə 1,4 milyon manat, sağlamlıq turizm strategiyasının hazırlanması işlərinə, daxili turizmin təşviqinə və maarifləndirmə xidmətləri haqqının ödənilməsinə və digər turizm tədbirlərinə 2,6 milyon manat vəsait sərf olunub.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.