BAKI, 25 iyul. TELEQRAF

2026-cı ilin başlanğıcından bəri Fransada meşə yanğınlar nəticəsində zərər görən ərazilərin sahəsi tarixi həddə çataraq 100 min hektara yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə mətbuat konfransında Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.

"Bu günə olan məlumata görə, yanmış torpaqların sahəsi 98 min hektardan bir qədər azdır. Xüsusilə yanğının Jirondada yayılması səbəbindən bu, tarixi rekorddur", — deyə nazir vurğulayıb.

Jironda və Landda yanğınla mübarizəyə 1,3 min nəfər yanğınsöndürmə-xilasetmə xidmətinin əməkdaşı, həmçinin 24 yanğınsöndürən təyyarə və helikopter cəlb olunub. Nazir həmçinin bildirib ki, bu regionda yanğınsöndürənlərə dəstək üçün 1 min nəfər hərbi qulluqçu cəlb ediləcək.

“Bild” nəşrinin məlumatına görə, Fransa və İspaniyada yanğınlar səbəbindən artıq 250 mindən çox insan təxliyə olunub. Təkcə Fransada 200 mindən çox sakin alovun yayılması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb, İspaniyada isə bu rəqəm 60 mini keçib. İnsanlar müvəqqəti yaşayış məntəqələrində yerləşdirilir.