BAKI, 12 iyun. TELEQRAF
2025-ci ildə dövlət büdcəsinə vergi borcları artıb. Xüsusilə bəzi tədiyə növləri və vergi ödəyiciləri qrupları üzrə öhdəliklərin tam və vaxtında icrasında yaranan gecikmələr büdcə gəlirlərinin tam səfərbər olunması imkanlarına müəyyən məhdudlaşdırıcı təsir göstərib.
Teleqraf Hesablama Palatasına istinadən xəbər verir ki, 2024-cü ilin sonuna dövlət büdcəsinə olan borcların (qalıqların) həcmi ilin əvvəli ilə müqayisədə ümumilikdə 139,5 mln. manat və ya 4,4% artaraq 3 milyard 308,8 mln. manat təşkil edib. Bu hal Dövlət Vergi Xidmətinin xətti ilə gəlirlərin tam şəkildə səfərbər olunması imkanlarına məhdudlaşdırıcı təsir riski formalaşdırıb.
2025-ci ildə dövlət büdcəsinə yaranmış 3 milyard 308,8 mln. manat borcun 58,7 mln. manatı və ya 1,8%- i neft-qaz, 3 milyard 250,1 mln. manatı və ya 98,2%-i isə qeyri neft-qaz sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşüb.
Bu da əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə, müvafiq olaraq, 54,1 mln. manat və ya 12,8 dəfə və 85,5 mln. manat və ya 2,7% artıb. Hesabat ilində neft-qaz sektoru üzrə borc məbləğinin əhəmiyyətli dərəcədə artması əsasən Azəri-Çıraq-Günəşli layihəsi üzrə hesablanmış öhdəliklərin icra edilməməsi ilə bağlı olub. Belə ki, qeyd edilən layihə üzrə 2025-ci ilin sonuna ödənilməmiş borcun məbləği 55 mln. manat təşkil edib.
Dövlət mülkiyyətinə mənsub vergi ödəyicilərinin hesabat ilinin sonuna borc məbləğləri ilin əvvəli ilə müqayisədə 20,9 mln. manat və ya 9,6% artaraq 238,1 mln. manat olub.
Eyni zamanda vurğulanmalıdır ki, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərindən hüquqi şəxslərin borcları 28,2 mln. manat və ya 1,4% azalaraq 2043,2 mln. manat, sahibkarlıqla məşğul olan fiziki şəxslərin borcları isə 67,3 mln. manat və ya 10,5% artaraq 706,1 mln. manat təşkil edib.