BAKI, 12 iyun. TELEQRAF

2025-ci ilin büdcəsindən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə maliyyə yardımının göstərilməsi üçün (Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə olan uçuşlarla bağlı zərərin qarşılanması) 5,9 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Hesabat ilində dəmir yolları ilə müvafiq sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi üçün 16,5 milyon manat, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılması xərclərinin qarşılanması üçün 3,1 milyon manat vəsait sərf edilib.

Bununla yanaşı, hesabat ilində "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə 100 milyon manat ayrılıb. Vəsaitin 50,7 milyon manatı Bakı şəhərində sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanmasına sərf edilib. 49,3 milyon manatı 4 şəhərdə (Xankəndi, Cəbrayıl, Ağdam və Laçın) elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların, 3 şəhərdə (Şuşa, Cəbrayıl və Laçın) avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınmasına yönəldilib.