AĞDAŞ,12 iyun. TELEQRAF

Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması ilə aqrar sahənin tərəqqisi, ərzaq təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının səmərəli idarə edilməsi və iqlim dəyişikliklərinin təsirlərinin minimallaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin minimuma endirilməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilməkdədir.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

ADSEA sədri bildirib ki, Mərkəzi Aran iqtisadi rayonu ölkəmizin aqrar inkişafında xüsusi çəkisi olan, taxılçılıq, yemçilik, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq sahələri üzrə mövcud istehsal potensialı regionun aqrar inkişafında xüsusi rol oynayır:

"Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdır. Hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Ağdaş rayonunda 36 min 337 hektar, Göyçay rayonunda 26 min 568 hektar, Kürdəmir rayonunda isə 69 min 504 hektar, Ucar rayonunda 28 min 935 hektar, Yevlax rayonunda 42 min 786 hektar, Zərdab rayonunda 38 min 759 hektar, Mingəçevir şəhərində isə 1099 hektar suvarılan sahə mövcuddur.

Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 9 375 kilometrə yaxın suvarma şəbəkəsini, 17 767 hidrotexniki qurğunu, 98 subartezian quyusunu və 231 nasos stansiyasını əhatə edir. Cari ildə bu rayonlar üzrə təxminən 76 min kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunmuş və hazırda da su təminatı davam etdirilir. Məhz cari ildə əldə olunan məhsuldarlıq göstəriciləri bir daha sübut edir ki, kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir".

Z.Mikayılov qeyd edib ki, qlobal iqlim dəyişiklikləri, yağıntıların qeyri-sabit xarakter alması və mövcud su ehtiyatlarına artan tələbat su resurslarının idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir:

"Bu çağırışları nəzərə alaraq Agentlik tərəfindən regionda su təminatının etibarlılığının yüksəldilməsi, infrastrukturun modernləşdirilməsi və su itkilərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə Türyançay Sol Sahil suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarında ümumilikdə 11 min hektardan artıq torpaq sahəsinin, Türyançay Sağ Sahil suvarma kanalının yenidən qurulması hesabına isə Ağdaş rayonunda 12 min 500 hektar əkin sahəsinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Zərdab rayonunda həyata keçirilmiş ÇTZ suvarma kanalının yenidən qurulması layihəsi mövcud torpaqların su təminatını yaxşılaşdırmaqla yanaşı, əlavə 3 min hektar yeni sahənin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına imkan yaratmışdır. Suqovuşan su anbarının və magistral kanalının bərpası nəticəsində Yevlax rayonu da daxil olmaqla ümumilikdə 96 min hektara yaxın əkin sahəsi etibarlı su mənbəyi ilə təmin edilmişdir. Tərtərçay Sol Sahil kanalının yenidən qurulması isə Yevlax və ətraf rayonlarda 30 min hektara yaxın torpağın su təminatının gücləndirilməsinə şərait yaradıb".

Qurum rəhbərinin sözlərinə görə, hazırda icra olunan ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir və layihə tamamlandıqdan sonra Yevlax, Ağdaş, Göyçay, Kürdəmir və Zərdab daxil olmaqla 228 min hektardan artıq dayanıqlı su təminatı olan suvarma sahəsi formalaşacaq:

"Burada, mövcud 112 min hektardan çox əkinə yararlı torpağın su təminatı əsaslı şəkildə yaxşılaşacaq və əlavə 116 min hektardan artıq yeni sahə əkin dövriyyəsinə cəlb ediləcəkdir. Perspektiv layihələr sırasında xüsusi əhəmiyyət daşıyan Qarabağ suvarma kanalı vasitəsilə Yevlax rayonu da daxil olmaqla geniş bir bölgədə 115 min hektar mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq və əlavə 51 min hektar yeni torpaq sahəsi suvarma imkanları əldə edəcəkdir.

Eyni zamanda Sərsəng su anbarının müasir standartlara uyğun bərpası nəticəsində Yevlax və ətraf rayonlarda 96 min hektardan artıq əkin sahəsinin uzunmüddətli və etibarlı su təminatının yaradılması nəzərdə tutulur ki, bu da ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək".