AĞDAŞ,12 iyun. TELEQRAF

Dövlət Proqramının mühüm istiqamətlərindən biri də intensiv bağçılığın genişləndirilməsidir. İntensiv və super intensiv bağlar müasir kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir. Bu bağlarda bir hektardan daha çox məhsul götürmək, su və torpaq resurslarından daha səmərəli istifadə etmək, məhsulun keyfiyyətini və ixrac imkanlarını artırmaq mümkündür.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər intensiv bağların genişləndirilməsi, istehsal həcminin artırılması və bağçılıqda dəyər zəncirinin gücləndirilməsi əsas hədəflərdən biridir:

"Bu istiqamətdə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu çox vacibdir, çünki intensiv bağın salınması ilkin mərhələdə daha böyük yatırım tələb edir.

Bundan əlavə, intensiv və super intensiv bağlarda müasir suvarma sistemlərinin tətbiqi dəstəklənəcək. Bu sahədə suvarma düzgün qurulmasa, bağın məhsuldarlığı və davamlılığı təmin oluna bilməz. Ona görə də bağçılıqla suvarma siyasəti birlikdə aparılmalıdır.

Bağçılıqda aqrotexniki qulluq üçün nəzərdə tutulan subsidiyanın bir hissəsinin avans şəklində əvvəlcədən ödənilməsi də mühüm dəstək mexanizmi olacaqdır. Çünki bağçılıqda budama, gübrələmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, suvarma və digər qulluq tədbirləri vaxtında aparılmalıdır. Fermerin mövsümün əvvəlində maliyyə imkanının olması bu tədbirlərin keyfiyyətinə birbaşa təsir edir.

Eyni zamanda sertifikatlaşma subsidiyasının tətbiqi nəzərdə tutulur. GlobalG.A.P. və orqanik sertifikatlar ixrac bazarlarına çıxış üçün mühüm şərtdir. Biz yalnız məhsul istehsal etməməliyik, həm də həmin məhsulu beynəlxalq bazarların tələb etdiyi standartlara uyğun təqdim etməliyik".

Seymur Səfərlinin sözlərinə görə, məhsul subsidiyasının alma və nar üzrə tətbiqi də bağçılıqda istehsalçıların təşviqi baxımından əhəmiyyətlidir. Bu, həm məhsuldarlığın artırılmasına, həm də ixracyönümlü bağçılığın inkişafına xidmət edəcək: "Heyvandarlıq da Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Xüsusilə iribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və özünütəminetmə səviyyəsinin artırılması əsas hədəflər kimi müəyyən olunub.

2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faizdən çox artırılması hədəflənir. Cins heyvanların sürüdə payının azı 4 dəfə artırılması nəzərdə tutulur. Özünütəminetmə səviyyəsində də süd üzrə azı 10 faiz, mal əti üzrə 1 faiz artım nəzərdə tutulur.

Bu hədəflərə çatmaq üçün südlük və ətlik klasterlərin yaradılması, klaster daxilində müxtəlif tutuma malik 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması və bu təsərrüfatların cins damazlıq heyvanlarla təmin edilməsinin dəstəklənməsi nəzərdə tutulur.

Bundan əlavə, 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılması dəstəklənəcək. Bu, heyvandarlıqda yalnız istehsalın deyil, eyni zamanda tədarük, emal və satış zəncirinin də qurulmasına xidmət edir.

İribuynuzlu bütün heyvanların identifikasiyasının aparılması da mühüm tədbirdir. Heyvanların identifikasiyası xəstəliklərə nəzarət, damazlıq işinin təşkili, məhsuldarlığın izlənməsi və subsidiyaların şəffaf tətbiqi baxımından vacibdir".

Nazir müavini bildirib ki, yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması da bu sahədə əsas şərtlərdən biridir: "Heyvandarlıqda məhsuldarlıq yalnız heyvanın cinsindən asılı deyil. Yem bazası zəifdirsə, ən yaxşı cins heyvandan da yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Ona görə də yemçilik, su təminatı, baytarlıq xidməti və təsərrüfat idarəçiliyi birlikdə inkişaf etməlidir.

Bu sahədə damazlıq heyvan subsidiyasının və heyvandarlıqda məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu dəstəklər fermerləri daha məhsuldar heyvanlara keçməyə, süd və ət istehsalını artırmağa, təsərrüfatlarını daha intensiv modelə keçirməyə təşviq edəcək.

Qoyunçuluq sektoru da proqramda xüsusi yer tutur. 2030-cu ilə qədər qoyun əti istehsalının azı 9 faiz artırılması, heyvanların sayının 10 faiz yüksəldilməsi, özünütəminetmə səviyyəsinə nail olunması nəzərdə tutulur.

Bu istiqamətdə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. Bu, ənənəvi qoyunçuluqdan daha məhsuldar və daha idarəolunan modelə keçid deməkdir.

Eyni zamanda 10 yun toplama məntəqəsi və 1 yun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu, qoyunçuluqda əlavə dəyərin formalaşdırılması baxımından çox vacibdir. Biz yalnız ət istehsalını deyil, yun, dəri və digər yan məhsulların da iqtisadi dövriyyəyə cəlb olunmasını təmin etməliyik.

Yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması qoyunçuluq üçün də əsas məsələdir. Bundan başqa, 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur. Otlaqların bərpası heyvandarlığın davamlılığı üçün zəruridir. Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür.

Heyvanlar üçün içməli su təminatının yaxşılaşdırılması məqsədilə 100 subartezian quyusunun qazılmasının dəstəklənməsi də nəzərdə tutulur. Bu, xüsusilə yaylaq-qışlaq sistemi, yarımintensiv təsərrüfatlar və su çatışmazlığı olan ərazilər üçün mühüm dəstəkdir.

Qoyunçuluq sahəsində xarici investisiyaların cəlb edilməsi üçün aqroparkın yaradılması da nəzərdə tutulur. Bu, sektorun müasir idarəetmə, texnologiya və bazar imkanları ilə inkişafına töhfə verə bilər".

Seymur Səfərli qeyd edib ki, bu Dövlət Proqramının uğurlu icrası üçün bütün tərəflərin üzərinə ciddi vəzifələr düşür: "Sahibkarlar və özəl sektor da bu prosesdə daha fəal olmalıdır. Silo, soyuducu anbar, emal müəssisələri, süd toplama məntəqələri, yun toplama və emal infrastrukturu, intensiv bağçılıq və heyvandarlıq təsərrüfatları üzrə investisiya imkanları genişdir. Dövlət dəstək mexanizmləri bu investisiyaların həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

Nəticə etibarilə, 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu proqramın əsas mahiyyəti ondan ibarətdir ki, biz daha çox torpaqdan istifadə etməklə deyil, mövcud torpaqdan daha səmərəli istifadə etməklə məhsuldarlığı artırmalıyıq.

Regionun torpaq, su, insan kapitalı və istehsal ənənələri böyük potensial yaradır. Əsas məsələ bu potensialı düzgün təşkilatçılıq, dövlət dəstəyi, fermer məsuliyyəti və özəl sektor investisiyası ilə real nəticəyə çevirməkdir.

Əminəm ki, aidiyyəti qurumların əlaqəli fəaliyyəti, fermerlərin təşəbbüskarlığı və dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə nəticəsində qarşıya qoyulan hədəflərə nail olunacaq. Qeyd edilən istiqamətlərdə fəaliyyətin koordinasiyası məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi olaraq mütəmadi olaraq fermerlər və əlaqəli tərəflərlə əməkdaşlıq davam etdiriləcək və problemlərin həlli istiqamətində tədbirlərimiz davam edəcəkdir".