AĞDAŞ, 12 iyun. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında növbəti əsas istiqamət müasir suvarma sistemlərinin genişləndirilməsidir. Su resurslarından səmərəli istifadə bu gün kənd təsərrüfatında ən aktual məsələlərdən biridir.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələri, yağıntıların azalması, suya tələbatın artması bizi daha qənaətli və daha səmərəli suvarma texnologiyalarına keçməyə məcbur edir:

"Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib. Bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək.

Hazırda müasir suvarma sistemləri quraşdırılmış sahələr 130 min hektardır. 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bunun 88,1 min hektarı 22 hədəf rayonda, 12 min hektarı isə 8 perspektiv rayonda nəzərdə tutulur.

Müasir suvarma ilə bağlı əsas dəstək tədbirləri də konkret müəyyən edilib. Müasir suvarma sistemləri fermerlərə güzəştli qiymətlərlə satılacaq. Qalıq dəyərinin güzəştli kredit şərtləri ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Bu sahədə fermerin ilkin ödəniş yükünün azaldılması, güzəşt müddətinin artırılması, qalan hissənin isə güzəştli kreditlə maliyyələşdirilməsi mexanizmi formalaşdırılır.

Bundan əlavə, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri üçün fermerlərə əlavə subsidiya verilir. Hazırda bu məbləğ hər hektara görə 60 manat təşkil edir. Bu dəstək fermeri daha qənaətli suvarma texnologiyalarına keçməyə stimullaşdırır.

Müasir suvarmanın üç əsas nəticəsi var: birincisi, sudan səmərəli istifadə olunur; ikincisi, məhsuldarlıq artır; üçüncüsü, ümumi istehsal həcmi yüksəlir. Bu, həm fermerin gəlirinə, həm də ölkənin ərzaq təminatına birbaşa təsir göstərir.

Mərkəzi Aran üçün bu məsələ xüsusilə vacibdir. Çünki regionun kənd təsərrüfatı potensialı böyükdür, amma bu potensialın tam reallaşması suvarma infrastrukturunun düzgün qurulmasından, kanalların işlək vəziyyətdə saxlanılmasından, daxili şəbəkələrin formalaşdırılmasından və fermerin müasir suvarma sistemlərinə çıxışından asılıdır".

Nazir müavini qeyd edib ki, mühüm istiqamətlərdən biri də texnika təminatının yaxşılaşdırılmasıdır:

"Bu gün məhsuldarlığın artırılması üçün müasir texnika ilə təminat əsas şərtlərdən biridir. Vaxtında səpin, vaxtında becərmə, vaxtında yığım — bunların hamısı texnikanın mövcudluğundan və onun düzgün idarə olunmasından asılıdır.

Dövlət Proqramında 22 rayon üçün kombayn parkının 571 ədəd yeni kombaynla yenilənməsi nəzərdə tutulur. Bu, taxılçılıqda məhsul itkilərinin azaldılması və yığım prosesinin optimal müddətdə başa çatdırılması baxımından mühüm addımdır.

Torpaq resurslarından səmərəli istifadə Proqramın əsas istiqamətlərindən biridir. Bu sahədə ən mühüm texnologiyalardan biri lazer hamarlama, yəni lazer mala texnologiyasıdır.

Lazer hamarlama torpağın səthinin bərabər formada hazırlanmasını təmin edir. Bu texnologiya suvarmanın daha bərabər aparılmasına, su itkilərinin azalmasına, torpağın şoranlaşma riskinin aşağı düşməsinə, toxumun daha bərabər çıxış verməsinə və nəticədə məhsuldarlığın artmasına şərait yaradır.

Dövlət Proqramında lazer hamarlama texnologiyasının tətbiqi üçün subsidiya mexanizminin tətbiqi nəzərdə tutulur. Ümumilikdə 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır.

Bu, xüsusilə suvarılan taxıl sahələri üçün çox vacibdir. Çünki sahə düzgün hamarlanmadıqda su bir hissədə yığılır, digər hissəyə çatmır. Nəticədə bir yerdə bitki boğulur, başqa yerdə susuz qalır. Lazer hamarlama isə suvarmanın səmərəliliyini artırır və sahənin bütün hissələrində bərabər inkişaf üçün şərait yaradır.

Fermerlərə bu istiqamətdə tövsiyəmiz ondan ibarətdir ki, iri sahələrdə, xüsusilə 5 hektardan yuxarı əkinlərdə lazer hamarlama texnologiyasının tətbiqinə ciddi yanaşsınlar. Bu, ilk mərhələdə xərc kimi görünə bilər, lakin suya qənaət, məhsuldarlıq artımı və torpağın uzunmüddətli qorunması baxımından iqtisadi cəhətdən səmərəli yanaşmadır".

Seymur Səfərli bildirib ki, növbəti istiqamət taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılmasıdır: "İstehsalı artırmaq vacibdir, lakin məhsulu düzgün saxlamaq və bazara düzgün çıxarmaq da bir o qədər vacibdir. Əgər fermer məhsulu yığdıqdan sonra saxlama imkanı yoxdursa, o, məhsulu dərhal və çox vaxt aşağı qiymətə satmağa məcbur olur. Bu isə fermerin gəlirinə mənfi təsir göstərir. Eyni zamanda məhsul itkiləri artır, keyfiyyət qorunmur, emal və ixrac imkanları məhdudlaşır.

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə isə kredit faiz subsidiyası tətbiq ediləcək.

Soyuducu anbarlar üzrə də 100 min ton əlavə tutumun yaradılması təşviq olunacaq. Burada da avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə kredit faiz subsidiyası nəzərdə tutulur.

Bu dəstək mexanizmləri həm taxılçılıqda, həm meyvəçilikdə, həm tərəvəzçilikdə, həm də ixracyönümlü məhsul istehsalında böyük əhəmiyyət daşıyır. Məhsulun saxlanması fermerə bazara daha uyğun zamanda çıxmaq imkanı verir. Bu isə gəlirin artmasına, ixracın genişlənməsinə və ərzaq təhlükəsizliyinin güclənməsinə xidmət edir.

Mərkəzi Aran iqtisadi rayonu üçün bu istiqamət xüsusi önəm daşıyır. Regionda taxılçılıq, meyvəçilik və tərəvəzçilik potensialı var. Bu potensialın dəyərə çevrilməsi üçün saxlama, soyutma, çeşidləmə, qablaşdırma və emal infrastrukturu genişləndirilməlidir".