AĞDAŞ,12 iyun. TELEQRAF

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş bu Dövlət Proqramı aqrar sahədə növbəti mərhələnin əsas yol xəritəsidir. Proqramın əsas fəlsəfəsi çox aydındır: daha məhsuldar, daha dayanıqlı, daha rəqabətqabiliyyətli və daha dəyər yaradan aqrar sektorun formalaşdırılması.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.

Nazir müavini bildirib ki, məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir:

"Burada əsas məqsəd yalnız əkin sahələrinin artırılması deyil, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir.

Dövlət Proqramının əsas məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, innovasiya və rəqəmsallaşmanın inkişaf etdirilməsidir.

Bu proqram 5 məqsəd, 5 prioritet istiqamət, 16 fəaliyyət istiqaməti, 86 tədbir və 23 hədəf indikatorunu əhatə edir. Bu isə onu göstərir ki, sənəd yalnız ümumi yanaşma deyil, konkret hədəflər, icra mexanizmləri və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır".

Seymur Səfərlinin sözlərinə görə, Dövlət Proqramında bir neçə fundamental istiqamət xüsusi olaraq müəyyən edilib: "Bunlara intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin genişləndirilməsi, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması, intensiv heyvandarlıq təsərrüfatlarının artırılması daxildir.

Bununla yanaşı, proqram yalnız istehsal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir. Qanunvericilik təşəbbüsləri, institusional islahatlar və rəqəmsallaşma bu proqramın mühüm dayaqlarıdır. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında”, “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya qaydalarına və kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Eyni zamanda “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin yaradılması, DAİM-lərin regional əsasda idarəetməyə keçidi, aqrar süni intellekt sisteminin genişləndirilməsi, EKTİS-in data yönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və məlumat əsaslı idarə olunmasına xidmət edəcək. Bu gün artıq aqrar siyasət yalnız sahədə görülən işlərlə məhdudlaşmır. Bizim qərarlarımız məlumatlara, xəritələrə, elektron sistemlərə, peyk müşahidələrinə, torpaq və su balansına, real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır. Ona görə də rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir".