BAKI, 2 aprel. TELEQRAF

“Abu Dhabi Future Energy Company” (Masdar) və “TotalEnergies” Asiyanın doqquz bazarında yerləşən quru əsaslı bərpa olunan enerji portfellərinin birləşdirilməsi barədə razılaşma imzalayıb.

Teleqraf xəbər verir ki, yaradılması nəzərdə tutulan birgə müəssisənin ümumi dəyəri 2,2 milyard ABŞ dollarıdır.

Razılaşma başa çatdıqdan sonra yeni qurum Azərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin, Sinqapur, Cənubi Koreya və Özbəkistanda günəş, külək və enerji saxlama layihələrinin hazırlanması, tikintisi, mülkiyyəti və istismarı üzrə “Masdar” və “TotalEnergies” üçün eksklüziv platforma rolunu oynayacaq.

Birləşmiş qurumun portfelinə hazırda 3 QVt gücündə fəaliyyət göstərən aktivlər, həmçinin 2030-cu ilə qədər istismara verilməsi planlaşdırılan 6 QVt gücündə inkişafın irəliləmiş mərhələsində olan layihələr daxil olacaq.

Qeyd edək ki, “Masdar”da 43% paya malik olan “Abu Dhabi National Energy Company”nin (TAQA) açıqlamasında bildirilib ki, sövdələşmənin tamamlanması üçün üçüncü tərəflərin standart təsdiqləri tələb olunur.