Yazıda adı hallanan Abdulkadir Öz Teleqraf.com-la əlaqə saxlayaraq, bildirib ki, oyunun keçirildiyi gün "Neftçibaza"da olmayıb. Onun sözlərinə görə, təhqirə yol verən "Azərbaycan Qartalları" komandasının futbolçularından birinin valideynidir. Koordinator yaşananlardan üzüntü duyduğunu və valideynlərlə iclas keçirərək, bundan sonra belə hallar yaşanacağı təqdirdə, tədbir görəcəyinə dair xəbərdarlıq edəcəyini vurğulayıb.

AFFA İntizam Komitəsi tərəfindən aldığı cəzaya gəldikdə, Öz məsələyə yenidən baxılması üçün milli assosiasiyaya müraciət etdiyini açıqlayıb.

***

AFFA-nın təşkil etdiyi U-10 Liqasının XI turunda "Azərbaycan Qartalları" və "Səbail" komandaları arasında keçirilmiş oyun zamanı biabırçı olay baş verib.

Teleqraf.com-un məlumatına görə, "Azərbaycan Qartalları"nın koordinatoru Abdülkadir Öz görüşün xanım referisi Ziyvər Əsədovanı təhqir edib. Matçın gedişində "Səbail"in futbolçusu komandasının 5-ci qolunu vurduqdan sonra barmağını üzünə gətirərək, "sus" işarəsi verib.

Bu zaman Abdulkadir Öz üzünü qadın hakimə tutaraq, "Sənə xına gətirəcəyəm, hər yerinə yaxarsan" söyləyib. Vaxtilə futbolçu kimi Azərbaycanın AZAL, "Qəbələ", "Bakılı" və "Neftçala" klublarında da çıxış etmiş 43 yaşlı Öz hazırkı vəzifəsində dəfələrlə təhqiramiz hərəkətləri ilə yadda qalıb. 22 dekabr 2024-cü il tarixində o, AFFA U-10 Liqasında "Neftçi PFK" ilə qarşılaşma zamanı da hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. Bu səbəbdən, İntizam Komitəsi Özü 5 oyunluq cəzalandırıb.

Rəqib komandadakı futbolçulardan birinin valideyni isə qol vuranın ünvanına "Barmaqlarını qıraram, tərbiyəsiz" ifadələrini səsləndirib.

Qeyd edək ki, qarşılaşma Cüdo Federasiyasının təlim-məşq mərkəzində (keçmiş "Neftçibaza") təşkil olunub.

AFFA-nın təşkil etdiyi uşaq liqalarında belə neqativ hallara əvvəllər də rast gəlinib. Daha əvvəl U-13 Liqasının oyununda cırıq topdan istifadə olunub. Həmin topu jurnalist Mirələm Həsənli sosial şəbəkədə paylaşdıqdan sonra milli assosiasiya oyuna təzə top göndərib.