BAKI, 23 sentyabr. TELEQRAF

Ağdaşda tanınmış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşu qadını yaralaması ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Teleqraf xəbər verir ki, hadisədə xəsarət almış 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb.

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavabda bildirilib ki, 17 sentyabr 2026-cı il tarixində saat 20:35 radələrində 1975-ci il təvəllüdlü qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

“Pasiyentə qarın divarının açıq yarası diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlərin göstərilməsi məqsədilə pasiyentə əməliyyat blokunda cərrahi müdaxilə icra edilib. Əməliyyatdan sonra pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilib. Pasiyentə zəruri tibbi xidmət göstərilib və 21.09.2026-cı il tarixində ambulator müalicə üçün evə buraxılıb” - məlumatda qeyd olunub.

Hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı M.Ə. polis əməkdaşları tərəfindən dindirildikdən sonra evə buraxılıb. Hazırda araşdırma davam etdirilir.

Yeniyetmə ilkin ifadəsində küçə heyvanına tir tüfəngi ilə atəş açmaq istədiyini, səhvən qonşuluqda yaşayan qadına xəsarət yetirdiyini deyib.

Qeyd edək ki, M.Ə. Ağdaşın tanınmış sahibkarlarından Məhəmməd Əliyevin nəvəsidir.

Yeniyetmənin atası Cavad Əliyev Teleqraf-ın suallarını cavablandırmaqdan imtina edib.

Bildirək ki, hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb. Hazırda tüfəngin kimə aid olduğu müəyyənləşdirilir.

İlkin məlumata görə, silah iş adamı Məhəmməd Əliyevə məxsus olub.