SUMQAYIT, 2 fevral. TELEQRAF
Yanvarın 29-da saat 14:00 radələrində 1956-cı il təvəllüdlü şəxs (kişi) qeyri-stabil proqressivləşən gərginlik stenokardiyası, postinfarkt, kardioskleroz, durğunluq ürək çatışmazlığı və sidik kisəsinin törəməsi diaqnozları ilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Şəhər Xəstəxanasının Kardiologiya şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, pasiyent mövcud klinik vəziyyətinə uyğun olaraq bütün zəruri və müvafiq tibbi xidmətlər göstərilib.
"Makrohematuriya müşahidə edildiyinə görə kompüter tomoqrafiyası (KT) müayinəsinin aparılmasına tibbi göstəriş yaranıb.
Xəstənin KT müayinəsi zamanı ümumi vəziyyəti qəfil pisləşib. Həkimlər tərəfindən dərhal reanimasiya tədbirləri görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb və yanvarın 30-da saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.
İlkin tibbi rəyə əsasən onun ölümünün səbəbi tromboemboliya kimi qiymətləndirilir.
Qeyd edək ki, ölümün bilavasitə səbəbi yalnız meyitin patoloji-anatomik müayinəsi nəticəsində təyin olunur", - məlumatda qeyd olunub.
***
15:11
Sumqayıtda tibbi müayinə zamanı ölüm hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən 1 nömrəli Şəhər Xəstəxanasında qeydə alınıb.
Məlumata görə, 1956-cı il təvəllüdlü kişi müxtəlif ürək-damar xəstəlikləri diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, pasiyent 29 yanvar 2026-cı il tarixində günün ikinci yarısında Kardiologiya şöbəsinə hospitalizasiya olunub. Onun vəziyyəti həkimlər tərəfindən nəzarətdə saxlanılıb və klinik durumuna uyğun müalicə tədbirləri həyata keçirilib.
Xəstədə əlavə əlamətlər müşahidə olunduğundan kompüter tomoqrafiyası müayinəsinin aparılması qərara alınıb. Müayinə zamanı pasiyentin səhhəti kəskin şəkildə ağırlaşıb.
Tibb işçilərinin təcili müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və ertəsi gün xəstəxanada ölüm faktı qeydə alınıb.