MİNGƏÇEVİR, 12 oktyabr. TELEQRAF

12 oktyabr saat 09:30 radələrində Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpənin fotosu yayılıb.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, körpənin hələ də kim tərəfindən zirzəmiyə qoyulduğunu və valideynlərini müəyyən etmək mümkün olmayıb.

***
12:30

12 oktyabr saat 09:30 radələrində Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə (oğlan) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Zəruri instrumental-diaqnostik müayinələr aparılıb. Azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Həkim müşahidəsi altındadır.

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

12:21

Mingəçevirdə zirzəmiyə atılmış körpəni təsadüfən mənzillərdən birində işləyən usta tapıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, onun sözlərinə görə, blokun girişindən aşağı düşən zirzəmiyə baxarkən körpəni uzanıqlı və köməksiz vəziyyətdə görüb.

Əvvəlcə usta onun köhnə kukla olduğunu düşünüb, lakin körpənin hərəkət etdiyini görüncə, canlı olduğunu anlayıb.

Dərhal içəri daxil olaraq körpəni qucağına götürüb çölə çıxarıb. Şahidlərin sözlərinə görə, körpənin alnında təzə çapıq xəsarəti olub. Üstü-başı pişik tükləri ilə dolu imiş. Ona su verərək özünə gətiriblər.

Hadisə yerinə polis və həkim briqadası çatıb, körpənin müayinəsi aparılır və ailəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

***

10:59

Daxili İşlər Nazirliyi Mingəçevirdə zirzəmidən tapılan körpə ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-ın Mərkəzi Aran bürosununa bildirilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.

Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

***

10:10

Mingəçevirdə zirzəmidə köməksiz vəziyyətdə atılmış körpə uşaq tapılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində qeydə alınıb.

Ətrafdakıların köməyi ilə körpə xilas edilərək təcili olaraq xəstəxanaya çatdırılıb.

Körpənin kimliyi və onu zirzəmiyə kimin atması hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.